Elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsi keçirilir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.
Foto və video olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, fotomüxbirlər və media nümayəndələri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər https://anket.edu.az/user/225 platforması üzərindən qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə iştirak hüququ əldə edənlər mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.
Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşənlər [email protected] ünvanı üzərindən yazaraq müraciət edə bilərlər.
Müsabiqəyə qeydiyyat iyunun 26-dək aktiv olacaq.
Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə