Ali təhsil müəssisələrində seçmə fənlərə münasibət necədir? -SORĞU

Ali təhsil müəssisələrində bəzi fənlər tələbələrin qarşısına seçim kimi qoyulur. Belə ki, tələbə hansı fənni seçirsə, növbəti semestr ərzində həmin fəndən təhsil alır.

Seçmə fənlərə münasibətləri ilə bağlı ekspert və müəllimlər SİA-ya açıqlama veriblər.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti, filologiya elmləri doktoru Sevil Həsənova seçmə fənlərin tədris edilməyini normal qarşılayır. O öz fənnini nümunə gətirərək deyir: "Radio-jurnalistika fənnindən nəzəri dərslər 2-ci kursda tədris edilir. "Radioda praktik iş fənnini niyə seçmə fənn kimi tədris edirlər?" bu suala belə cavab verərəm: "Radioda praktik iş fənni 3-cü kursda seçmə fənn kimi keçirilsə də, bu əsas fənlərdən biridir".

S.Həsənova əlavə edir ki: "Radio-jurnalistika fənninin nəzəri hissəsi 2-ci kursda, ixtisas fənni kimi seçmə fənn 3-cü kursda keçirilir. Bu iki fənn bir-birini tamamlayır. Nəzəri hissəni bilən tələbə praktik cəhətdən hazırlıqlı olmasa, bu fənnin heç bir əhəmiyyəti olmaz. Praktik tələbə nəzəri tərəfi bilməsə, bu da yarımçıq bir şey olar. Ona görə də çox yaxşı haldır ki, həm nəzəri, həm də praktik cəhətdən hazırlıqlı olurlar. Bunlar niyə ayrı-ayrılıqda seçmə fənn kimi keçirilir? sualının cavabı belə olar ki: Bütün tələbələrin eyni ixtisasa həvəsi olmur. Nəzəri hissəni keçən tələbə öz seçimini edir, bu sahədə də praktik vərdişlərə yiyələnir. Belə bir tələbənin gələcəkdə bu sahədə çalışması onun daha da peşəkar olmasına səbəb olur".


Bakı Dövlət Universitetinin müəllimi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Rəvan Əliyev mövzu ilə əlaqədar bildirir ki: "Fənnin seçilmə üstünlüyü ona olan maraqla yanaşı, bəzən fənni tədris edəcək müəllimin şəxsi keyfiyyətləri ilə bağlı olur. Narahatlığa gəlincə, yuxarıda qeyd etdiyim səbəblərə görə az tələbə tərəfindən seçilən fənnə maraq getdikcə azalır. Sonrakı kursda bunu hiss etmək olur. Bir müəllim üçün fənninin seçilməməsi yalnız bu narahatlığı yarada bilər".


Digər aspektdən mövzuya yanaşan təhsil eksperti Elşən Qafarov isə qeyd edir ki: "Bizdə istər ali təhsil, istər bakalavr, istərsə də magistraturada, o cümlədən kolleclərdə, subbakalavrlarda kreditlərin müəyyən edilməsi haqqında nazirlər kabinetinin ayrı-ayrılıqda qərarları var. Qanunvericilikdə göstərilir ki, təhsil alan alan tələbələr həmin fənləri özləri seçir.

Praktikada belə deyil. Universitetlərdə və yaxud da təhsil müəssisələri özləri seçir. Hansı kreditlər birinci, hansı kreditlər ikinci yarımildə olsun. Adətən, bu dərslərin böyük bir hissəsi birinci yarımilə yerləşdirilir. Bu da tələbələr üçün çətin olur. Qanunvericilikdə göstərilir, tələbə bunları özləri seçməlidir. Təhsil müəssisələri isə bu seçimi tələbələrə vermirlər".

Ekspert problemin həlli yolunu göstərir: "Problemin həlli yolu odur ki, ali məktəblər, o cümlədən, orta-yüksək texniki təhsil müəssisələri qanunvericiliyə əməl etməlidirlər. Tələbələrin qanunla onlara verilmiş hüquqlarını təmin etməlidirlər. Hal-hazırda təhsil müəssisələri özləri qərar verir".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə