"İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur" - FƏLSƏFƏ DOKTORU AÇIQLAMA VERDİ

“XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Azərbaycanın elm və mədəniyyət tarixinə "İrəvani" təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat və incəsənət xadimlərinə rast gəlmək olar. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Aşub İrəvani, Mirzə Əli İrəvani, Dəlil İrəvani, Ləli İrəvani (Mirzə Əlixan Hükəma Ləli), Hacı Şeyx Əli Əsgər İrəvani və onlarla başqa bu kimi görkəmli şəxsiyyətlərin yaradıcılğı bunu bir daha təsdiq edir. Ümumiyyətlə, İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə duyulmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının üzvü, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda olduğu kimi, İrəvanda da məktəblər açılana qədər təlim müəssisəsi kimi yalnız məscidlərin nəzdində mollaxanalar və mədrəsələr fəaliyyət göstərmişdir: “Mollaxana və mədrəsələr təkcə İrəvan şəhərində deyil, Uluxanlıda, Qafanda, Ağbabada, Basarkeçərdə, Vedibasarda, Sisiyanda və başqa bölgələrdə də fəaliyyət göstərmişdir. Bütün bunlara baxmayaraq, əsrlər boyu fəaliyyət göstərən mollaxana və mədrəsələr xalqımızın mədəni yüksəlişini təmin edə bilməmiş, onun inkişaf prosesini ləngitmişdir. XlX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi proseslər müxtəlif sahələrdə olduğu kimi, təhsil və məktəb sahəsində də yeni meyillərin yaranmasına səbəb oldu.Artıq təlim müəssisəsi kimi fəaliyyət göstərən mollaxana və mədrəsələr getdikcə tənəzzülə uğrayır və yerini dünyəvi məktəblərə verməyə məcbur olurdu. Cənubi Qafqaz, o cümlədən Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra həyatın bütün sahələri Rusiya tərəfindən idarə olunmağa başladı. 1829-cu ilin avqust ayının 2-də Rusiya Maarif Nazirliyi "Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında" qərar qəbul etdi. Bu qərarda qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdır. Həmin qərarın icrası ilə əlaqədar 1830-cu ilin mart ayında Tiflis qəza məktəbi, dekabr ayının 30-da isə Şuşa qəza məktəbi açılmışdı. Həmin ildə İrəvanda-100, Naxçıvanda-50, Ordubadda-50, Kulpda-50 şagirdlik qəza məktəblərinin açılması da nəzərdə tutulmuşdu. Amma həmin il üçün nəzərdə tutulan qəza məktəblərinin açılması mümkün olmamışdı”.

Cəlal Allahverdiyev sözlərinə davam edərək bildirib ki, Tiflisdən, Şuşadan sonra 1831-ci ilin oktyabr ayında İrəvanda ikisinifli ilk qəza məktəbi təsis edildi: “Bu Cənubi Qafqazda təsis edilən sayca 3-cü qəza məktəbi idi. Cənubi Qafqaz məktəblərinin direktoru E.A.Qruberin əmri ilə İrəvan qəza məktəbinə ilk nəzarətçi (müdir) Moskva İmperator Universititetinin məzunu olmuş, Vladimir gimnaziyasının müəllimi F.Zboev təyin edilmişdir. İrəvan qəza məktəbinin təntənəli açılışı 1831-ci ilin noyabr ayında nəzərdə tutulsa da, bu, əyalətin rəisi general-mayor Vasiliy Osipoviç Bebutovun İrəvanda olmaması səbəbindən mümkün olmamışdır. İrəvand ilk qəza məktəbinin açılşı 1832-ilin yanvar ayının 14-də olmuşdur. İrəvan qəza məktəbində ilk dəfə Azərbaycan dilini əslən Dərəçiçəkdən olan Mirzə Molla Tağı Mahmud oğlu tədris etmişdir.1839 - cu ildən ikisinifli İrəvan qəza məktəbi 3 sinifli qəza məktəbi , 1 sentyabr 1868-ci ildən progimnaziya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrilir. Gimnaziyanın direktoru isə Vladimir Brajnikov təyin edilir.

Bir müddət gimnaziyada şəriət və Azərbaycan dili dərslərini Mirzə Ələkbər Elxanov ,1885-ci ildən 1895-ci ilə kimi isə Firudin bəy Köçərli tədris etmişdir. İsmayıl bəy Şəfibəyovun, Məşədi İsmayıl Hacı Kazımzadənin, Mirzə Məmməd Şeyzadənin, Şeyx Əbu Səttar Əli Əkbər Kazımovun da gimnaziyada təqdirəlayiq fəaliyyətləri olmuşdur.

Azərbaycan elminə öz töhfələrini vermiş dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov, tanınmış ictimai-siyasi xadim, tibb elmləri doktoru, professor Əziz Əliyev, ictimai xadim Maqsud Məmmədov, görkəmli tarixçi alim professor Mehdixan İrəvanski, görkəmli dilçi alim Miryusif Mirbağırov, Teymur Makinski, Əkbər ağa Şeyxülislamov və onlarla bu kimi böyük şəxsiyyətlər, görkəmli elm, mədəniyyət, dövlət xadimləri İrəvan gimnaziyasının məzunları olmuşlar.

8 noyabr 1881-ci ildə İrəvanda daha bir təhsil müəssisəsi, təhsil tariximizin şərəfli səhifələrini şkil edən İrəvan Müəllimlər Seminariyası açılmışdır.

İrəvanda milli maarifçilik mühitindən danışarkən burada fəaliyyət göstərən qabaqcıl ziyalılardan olan Məmmədqulu bəy Kəngərlinskinin, Haşım bəy Nərimanbəyovun, Mirzə Cabbar Məmmədzadənin, Cəfər bəy Cəfərbəyovun, İbadullah bəy Muğanlinskinin, İsfəndiyar bəy Sultanovun, Abbas Razi Məmmədzadənin, Abbas ağa Fərəcovun, Rəhim Xəlilovun, Həsən bəy Qazıyevin, Həmid bəy Şahtaxtinskinin, Fəraməz bəy Mahmudbəyovun və başqalarının da adını fəxrlə qeyd etmək olar. Bütün bunlara baxmayaraq ermənilərin gah gizli, gah aşkar gah rəsmi, gah da qeyri-rəsmi şəkildə Ermənistanda Azərbaycan maarifini, mədəniyyətini sıxışdırmaqla bağlı siyasətləri İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin öz böyük potensialını bütöv şəkildə gerçəkləşdirməyə imkan verməyib”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə