SİA-nın yaranmasının 17 illiyi münasibətilə yığıncaq keçirilib

Bu gün "Səs" qəzetinin redaksiyasında "Səs" İnformasiya Agentliyinin yaranmasının 17 illiyi münasibətilə yığıncaq keçirilib. SİA xəbər verir ki, mərasimi giriş nitqi ilə açan SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev açaraq bildirib ki, “SƏS” İnformasiya Agentliyi fəaliyyət göstərdiyi 17 il ərzində kifayət qədər nüfuz qazanıb, ətrafında oxucu ordusu cəmləyib.

Bəhruz Quliyev deyib ki, SİA 1991-ci ildən fəaliyyət göstərən “SƏS” qəzetinin bazasında yaradılıb: “Daim dövlətə, dövlətçiliyə, azərbaycançılıq ideologiyasına xidmət etməyə çalışmışıq. Ulu öndər Heydər Əliyev həmişə “SƏS” qəzeti haqqında seçilən fikirlər səsləndirib, qəzetin fəaliyyətini yüksək qiymətləndirib. Ümummilli lider həmişə çıxışlarında “SƏS” qəzeti mənim ən çox sevdiyim qəzetdir, tarixi qəzetdir və missiyasını vaxtında yerinə yetirir”, deyirdi. Biz də ona görə ulu öndərin etimadını doğrultmaq üçün modernləşməyə üstünlük verdik və qəzetin bazasında informasiya agentliyini yaratdıq”.

Media Qrupunun rəhbəri qeyd edib ki, bu gün SİA kifayət qədər oxucu auditoriyasına malikdir: “2011-ci ildən etibarən agentliyin bazasında internet televiziyasını yaratdıq. Hazırda “SƏS” internet televiziyası Azərbaycanda ilk olaraq 24 saat onlayn efirin verilməsinə xidmət edir. Biz nümunə olaraq göstərdik ki, bu proses internet üzərindən mümkündür. “SƏS”in bazasında formalaşan bu resurslar bu gün üçün internetdə, sosial şəbəkələrdə kifayət qədər auditoriyası, abunəsi olan resurslardır. Bu gün “SƏS”in ətrafında çox böyük izləyici kütləsi toplaşıb. Mən deyərdim ki, “SƏS”in oturuşmuş təcrübəsinin üzərində bu gün böyük bir məktəb yaranıb. İnformasiya agentliyi qocaman işçilərin təcrübəsindən bəhrələnərək hazırda yeni nəsil jurnalistlər yetişdirir. Vaxtilə SİA-da işləmiş, yetişmiş jurnalistlər bu gün ölkənin aparıcı mətbuat orqanlarında və dövlət qurumlarında çalışırlar. Təbii ki, SİA-nın Azərbaycan mətbuatının inkişafına verdiyi bu töhfə bizi sevindirir”.

Sonda kollektivin digər üzvləri də çıxış edərək SƏS Media Qrupu ilə əməkdaşlıq etdiklərinə görə xoş arzularını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə