Azərbaycanda sosial sahibkarlığın inkişafı necə gedir? - ARAŞDIRMA

Azərbaycanda sosial sahibkarlığın inkişafı necə gedir? - ARAŞDIRMA

Sosial sahibkarlığın müasir forması 1980-ci illərdə yaranmış, qeyri-kommersiya təşkilatlarının böyüməsi və aktivləşməsi, eləcə də, nəqliyyat və infrastrukturun inkişafı və yeni kommunikasiyaların yaranması səbəbindən 1990-cı illərdə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir neçə onilliklər ərzində bu sektorun inkişafı, sosial sahibkarlıq anlayışının hərtərəfli təşəkkül tapmasına gətirib çıxardı. Bir sözlə, müxtəlif sosial məsələlərin həllinə yönəldilmiş fəaliyyət, artıq sosial sahibkarlığın dəqiq tərifi kimi qəbul edilmişdir.

Müasir cəmiyyətdə sosial sahibkarlıq ictimai faydalara yönəlmiş işgüzar yanaşmanın olmasını tələb edir. Belə ki, forma və ölçüsündən asılı olmayaraq, sosial təşəbbüskarlıq, iqtisadi təşəbbüs baxımından sosial dəyişikliyi stimullaşdırır və effektli təsir göstərir.

Sosial sahibkarlığın inkişafında - İngiltərə, ABŞ, İtaliya, Sloveniya, Cənubi Koreya, Malayziaya, Hindistan, Banqladeş və digərləri qabaqcıl ölkələr siyahısındadır. Bu ölkələrdə sosial sahibkarlıqla bağlı hüquqi statuslar müxtəlifdir. Məsələn, bir çox qərb ölkələrində sosial sahibkarlığın ehtiyaclarını təmin etmək üçün xüsusi unikal korporativ formaların yaradılması qanunla təsbit edilmişdir.

Bu gün cəmiyyətin və iqtisadiyyatın qlobal transformasiyası var. Sənaye hər il sürət qazanır və hər yerdə iqtisadiyyatın rəqəmsallaşmasından danışılır. Post-sənaye cəmiyyətinin formalaşması kontekstində ölkələrin iqtisadiyyatlarını sürətlə yenidən qurulması üçün həll etməli olduqları bir sıra problemlər aşkarlanır. Bu baxımdan “sosial sahibkarlıq” kimi anlayışa getdikcə daha çox əhəmiyyət verilməyə başlayır. Tədqiqatın aktuallığı onunla əsaslandırılır ki, bu problemlərin sayı artmaqdadır və COVID-19 pandemiyası vəziyyəti daha da gərginləşdirib. Həmçinin, sosial sahibkarlıq inkişaf etmiş ölkələrdə yarandığı üçün inkişaf etməkdə olan ölkələrin sosial sahibkarlığın inkişafı sahəsində elə də lazımi təcrübələri yoxdur.

Sosial sahibkar maliyyə nəticələrinə sadiq qalaraq, innovativ ideyaya və sosial ehtiyacları ödəmək üçün imkanlar axtarışına malik olan və “yüksək sosial məsuliyyətli” biznes subyekti kimi xarakterizə edilə bilir.

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır.

Dövlət Məşğulluq Agentliyindən SİA-ya verilən açıqlamaya görə, dünyanın bir çox, xüsusilə inkişaf etməkdə olan ölkələri kimi sosial sahibkarlıq Azərbaycanda da son zamanlar maraq doğurur və onun inkişafı istiqamətində addımlar atılır.

"Bizdə olan məlumata əsasən, fərqli təşkilatlar (dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və s.) tərəfindən sosial sahibkarlığın təşviqi ilə bağlı layihələr keçirilir, sorğular aparılır, tədbirlər təşkil edilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən sosial sahibkarlıq davamlı və yüksək iqtisadi artımın təmin edilməsi üçün olan əsas fəaliyyət istiqamətlərindən biridir.

İndiyədək bu sahədə keçirilmiş sorğuların nəticəsinə əsasən, sosial sahibkarların ən çox fəaliyyət qurduğu sahələr: sağlam həyat və rifah, əmək, əlilliyi olan şəxslərin və ya digər xüsusi ehtiyacları olan şəxslərin ehtiyaclarının qarşılanması, gender bərabərliyi, dayanıqlı istehsal və s. bunlardır.

Həmçinin 2022-ci ilin sentyabr ayında Dövlət Məşğulluq Agentliyinin koordinasiyası və təşkilatçılığı ilə “Sosial sahibkarlıq haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin işlənilməsi üzrə işçi qrupun yaradılması barədə müvafiq əmr imzalanmışdır. Sözügedən sahə üzrə qanunvericiliyin hazırlanması üçün müvafiq proseslərə başlanılmış, hazırda işçi qrup çərçivəsində işlər davam etdirilməkdədir.

Azərbaycanda bir çox sosial sahibkarlar var ki onların fəaliyyət göstərmə səbəbləri təhsilə çatımlılığı olmayan, məişət zorakılığına məruz qalmış, həm iqtisadi, həm də fiziki cəhətdən zəif olan qadınların iqtisadi azadlığına yardım etmək və onların əmək bazarına çıxışına köməklik göstərməkdir. Bunlardan biri "Sapla" tikiş evidir.

Tikiş evinin rəhbərinin sözlərinə görə, burada artıq 10 qadını işlə təmin olunub. Həmin qadınlar kursu bitirəndən sonra, onların hamısının işləri artıq hazır olur. İçlərində elələri var ki, az yaşlı uşaqları olur və onların işləmək imkanları olmur. Onlar Məşğulluq Agentliyinin köməkliyi ilə özünə məşğulluq proqramına yazılır. Ümid edirik ki, onlar da qısa zamanda dərzilik üçün lazım olan ləvazimatlarla təmin olunub, öz işlərinə başlayacaqlar deyə, sosial sahibkar qeyd edib.

Həmçinin ölkəmizdə “Dəstəkçi” - Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə ilk dəfə Korporativ Sosial Satınalmalar Sərgisi həyata keçiriləcək. Noyabr ayının axırı ölkədə ilk dəfə Azərbaycanda fəaliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsullar daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət faəliyyətlərinin effektiviyini daha da artırmaq istəyən özəl sektor orta və böyük biznes və şirkətləri bir araya gətirən “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutacaq.

Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro , kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor orta və böyük bizneslərləri arasında əməkdaşlığın qurulmasını təviq etmək və özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektorda korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasıdır.

Sərginin hədəfləri:

Sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsullar istehsal edən mikro, kiçik və orta sahibkarlıq subyektlərini B2B satışlara təşviq etmək və özəl sektorda orta və böyük bizneslərlə B2B əlaqələrinin qurulması üçün dəstək olmaq, sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsullar istehsal edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin öz aralarında şəbəkələşmə əlaqələrinin yaradılmasına və əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaq, özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etməkdir. Özəl sektor biznesləri arasında Korporativ Sosial Məsuliyyət fəaliyyətlərinin effektivliyinin artırılmasına töhfə verməkdir.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə