Neft buruqları, sərvət bulaqları... - TƏHLİL+BAXIŞ BUCAĞI

Neft... Cəmi dörd hərfin birləşməsindən yaranan bu sadə söz səslənməsində heç də sadəliyi təzahür etmir. O, tərkibi kimi zənginliyi ehtiva edir özündə. O, qara qızıldır, var-dövlətdir, Allahın bəndəsinə verdiyi sərvətdir. Azərbaycanın neft payı da ulu Yaradanın bu xalqa bəxş etdiyi bir ərməğandır. Neft bu xalqın alın yazısıdır. Elə bu alın yazısı ilə də zamanla xeyli düşmən qazanmışıq, bu sərvətə sahib olmaq istəyənlərin Azərbaycan daim iştahası olub. Neftdən başqa digər sərvətlərlə də zəngin olan ölkəmizi ələ keçirib ona sahib olmaq istəyən yadellilərin daim bu torpaqları işğal etmək başlıca planı olub. Zamanla taleyindən bəzi ictimai formasiyalar keçsə də, xalqımızın sərvətləri bu ölkədən digər ölkələrə istiqamətləndirilsə də, bu kimi hallar zamanın bir kəsiyini təşkil edib. Azərbaycan xalqı məqam yetişən kimi torpaqlarının və bütün sərvətlərinin müdafiəsinə qalxıb, öz haqqını heç kimə verməyib.

Bizim olan, lakin bizim olmayan neft

Həqiqətən müstəqil olmaqdan, müstəqil yaşamaqdan, özünün olanlara sahib çıxmaqdan gözəl heç nə ola bilməz. Müstəqil olarsansa, bütün sərvətlərin də sənə aid olar. Bu sərvətlərdən gələn gəlir də ölkənin inkişafına, tərəqqisinə xidmət edə bilər, əks təqdirdə isə bu, mümkün deyil. Tarixi faktlara nəzər yetirək: Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi. 1901-ci ildə Azərbaycan 11,5 milyon ton neft hasil edərək dünyada birinci yerə sahib oldu.

Bəs sonra nə baş verdi? 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq varlığı üzərini duman alıb onu 1920-ci ildə zorla sovet hakimiyyətinə təslim edəndən sonra neft bizim ola-ola 70 il daha bizim olmadı. Neft bizim sərvətimiz, bizə ulu Yaradanın bəxşişi olsa da, lakin onun axar səmti dəyişdirilmişdi. Bu sərvət 70 il sovet Rusiyasına axdı. Neftin idarə olunması da birbaşa ittifaq rəhbərlərinin əlində, nəzarətində oldu. Faktlara baxaq: 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi. Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi. Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş, beləliklə, onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır. VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk “Qırmızı əmək bayrağı”ordeni ilə təltif etməyi qərara almışdır.

1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi. 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi. Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920-21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi. Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı. 40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə işləyirdi. Neft emalı 3,5 dəfəyə qədər azalmışdı.

1921-ci ilin əvvəllərində neft sənayesi ağır vəziyyətdə idi, vəsait çatışmazlığı üzündən, hətta mərkəzi sovet dövlətinin gücü ilə də onun yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdı.

Azərbaycan neftinin taleyi əsasən mərkəzi hakimiyyətin əlində olduğu üçün 1921-ci il fevralın 1-də RSFSR Xalq Komissarları Soveti qərar çıxardı: Bakının və Qroznının ayrı-ayrı neft rayonlarının, həmçinin başqa mədənlərin konsessiyaya verilməsi əsas etibarilə bəyənilsin. Rusiya XKS-i Ümumrusiya Xalq Təsərrüfatı Şurasına tapşırdı ki, neft çıxarmağı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana biləcək fəlakətlərin səbəblərini öyrənmək üçün Bakıya və Qroznıya komissiyalar göndərsin.

Maraqlıdır, imperiya neftdən gələn gəliri mənimsəməyi yaxşı bacarırdı, lakin yaranmış problemləri həll etmək üçün xarici kapitalistləri Bakıya gətirmək istəyirdi. Bu, imperiyanın yeni bir planı idi. Uzun illərin neftçiləri olan Bakı fəhlələri isə buna əsla razı deyildilər. Beləliklə də onlar arasında belə bir inam var idi ki, öz mədənlərini konsessiyaya vermədən özləri bərpa edə bilərlər. Bu məsələ 1921-ci ilin ortalarında Moskvada keçirilmiş müşavirədə Bakı neftçilərinin nümayəndəsi – Mədən Fəhlələri Həmkarlar İttifaqı MK-nın sədr müavini M. E. Sapunovun məruzəsində qaldırılmışdı. Bu fikirlə tanış olan Vladimir Lenin onu kifayət qədər inandırıcı hesab etməmişdi. Buna görə Bakı neftçiləri öz nümayəndəsini -AHİŞ Rəyasət Heyətinin üzvü A. Nikişini Leninin görüşünə göndərərək, konsessiyalar haqqında müqavilənin bağlanmasını ləngitməyi xahiş etmiş və mədənləri öz qüvvələri ilə bərpa etməyə söz vermişdilər.

Onlar verdikləri sözə əməl etdilər. 1921-1922-ci illərdə Bakı fəhlələrinin istehsalat uğurları göstərdi ki, o zaman xarici kapitalın iştirakı olmadan da neft sənayesini dirçəltmək mümkündür. Bakı fəhlələrinin qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa başladı.

Beləliklə neft hasilatı artsa da, onun sahibi biz olmadığımız üçün 70 ildə ölkəmizin hər tərəfində, xüsusilə də ucqar kəndlərdə köhnəlik, miskinlik hökm sürürdü. Köhnə xəstəxanalar, məktəblər, ictimai yaşayış binaları, muzeylər, kitabxanalar, parklar, yollar, körpülər istismar müddətini bitirmiş, uçub-dağılmışdı. Rayonlarda kanalizasiya, kommunikasiya sistemləri bərbad vəziyyətdə idi. Xidmət obyektləri, ictimai yaşayış binaları o qədər köhnəlmişdi ki, yağış yağanda su damır, bu səbəbdən də otaqlara vedrə, vanna düzülürdü. Tikililər 70 ildə necə idisə, eləcə də qalmaqda idi. Yəni bu neft ölkəsində sərvətin sahibinin öz əlində olmaması hər hansı bir inkişafı, yeniliyi həyata keçirə bilməməyimizlə nəticələnirdi.

Sovet imperiyası isə Azərbaycan nefti ilə özünə məxsus olan şəhər və kəndləri abadlaşdırır, yeni yollar salır, bütün yenilikləri ölkələrində tətbiq edirdilər.

Bakı nefti İkinci Dünya Müharibəsində

İkinci Dünya Müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1941-ci ildə Azərbaycanda 23,5 milyon ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci Dünya Müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.

Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını “yer anbarları”na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.

1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi. Almanların son dərəcə strateji məqsədləri hədəfləyən “Edelveys” planına görə Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı.

Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci Dünya Müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.

İkinci Dünya Müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.

O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Marşal Konstantin Rokossovski demişdir: “Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır”.

Müharibə illəri Bakının neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. “Pravda” qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki “Azərbaycan bu gün” adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.

“Əsrin müqaviləsi”

1991-ci ildə ölkəmizdə 1918-ci ildə əldə etdiyimiz müstəqilliyimiz bərpa edildikdən sonra təbii ki, sərvətlərimizin sahibinə çevrildik. Azərbaycan neftinin insan amilinə xidmət etməli olduğunu vurğulayan ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən bir il sonra, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı. “Əsrin müqaviləsi” adı ilə tanınmış bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti arasında pay şəklində bölüşdürülməsinə səbəb oldu.

Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin təzahürü idi. Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

“Əsrin müqaviləsi” Azərbaycan neftinə verilmiş ikinci həyat oldu. Bu müqavilə dünya dövlətlərinin Azərbaycanı tanımasına, ölkəmizin dünya miqyasında nüfuzunun artmasına, həm də ölkəmizin inkişafına atılmış imza oldu. Müstəqilliyimiz də neftimizlə möhkəmləndirildi. Dünya müstəqil Azərbaycanı tanıdı. Həmin dövrədək lazımi şəkildə istifadə edə bilmədiyimiz sərvətimiz bu dəfə dünyanı bizlərə dost etdi.

Müqavilədən sonra, 1997-ci ildə Bakı-Novorossiysk Şimal ixrac boru kəmərinin, 1999-cu ildə isə Bakı-Supsa Qərb ixrac boru kəmərinin, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi, yeni yataqların kəşf olunması ölkəmizə gəlir gətirdikcə neft xalqın rifah halının yaxşılaşması üçün stimul oldu. Neft amilindən insan amilinə doğru bir inkişaf mərhələsi başlandı.

Neft kapitalından insan kapitalına

Beləliklə sərvətimizin sahibi olub onu təyinatı üzrə istifadə etməklə xalqın rifah halı yüksəlməyə başladı. 1990-cı illərin əvvəllərində ölkəmizin çökmüş iqtisadiyyatı neft amili ilə dirçəlməyə başladı. İqtisadi vəziyyətimiz yaxşılaşdıqca ölkəmiz inkişaf etdi. Mərkəzi şəhərlərdən tutmuş ən ucqar kəndlərimizədək yenidənqurma işləri başlandı. Azərbaycana yeni Azərbaycan yaradıldı.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil alması üzrə Dövlət Proqramı”nın dəstəyi ilə neft kapitalının insan kapitalına çevrilməsi strategiyası həyata keçirilməyə başlandı. İndi minlərlə tələbə dövlət hesabına dünyanın ən prestijli ali məktəblərində təhsil alır.

Əhalinin sağlamlığı və gələcəyimiz olan gənclərin təhsili həmişə dövlət siyasətinin prioriteti olan ölkəmizdə yeni məktəblərin və xəstəxanaların tikilməsi, onların ən müasir avadanlıqlarla təmin olunması dediklərimizi bir daha təsdiqlədi. Kitabxanalar, muzeylər, digər sosial obyektlər tikildi. Yollar abadlaşdırıldı, park və xiyabanlar salındı.

70 il sovet imperiyası dövründəki Azərbaycandan qısa zaman kəsiyində əsər-əlamət qalmadı. Ölkəmiz neftimizlə gündən-günə gözəlliklər diyarına çevrildi. İnsanların rifah halı yaxşılaşdı. Əmək haqları, pensiyalar artırıldı. Yeni iş yerləri yaradıldı. Aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirildi. Vətəndaşların ən yaxşı həyat şəraitinin qurulması üçün tədbirlər görüldü.

Ölkəmizin iqtisadiyyatı gücləndikcə, neftdən gələn gəlirlərimiz artdıqca, ordumuzun inkişafını müşahidə etdik. Bu, ən vacib məsələlərdən biri idi. Çünki biz 30 il öncə torpaqlarımızı ordumuzun təchizatının zəif olması səbəbindən itirmişdik. O torpaqlar geri qaytarılmalı idi. Çünki neftimiz kimi, torpaqlarımız da bizim sərvətimiz, həm də şərəf və namusumuzdur.

İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında böyük rolu olan Azərbaycan neftinin 2020-ci ildə öz torpaqlarımızın da erməni işğalından azad olunmasında böyük rolu oldu. İllər ərzində dövlət büdcəsi vəsaitinin xeyli hissəsinin xərcləndiyi ordumuzun təchizat məsələsinin həlli bizə Qarabağımızı qaytardı. O Qarabağı ki, 30 il düşmən tapdağı altında qalmışdı. Soydaşlarımız öz doğma ev-eşiklərindən zorla çıxarılmış, silah gücünə torpaqlarını tərk etmişdilər. 30 il idi ki, soydaşlarımız qaçqın, köçkün, didərgin statusu ilə yaşayırdılar. Buna görə Qarabağ Zəfəri tariximizin şanlı səhifəsinə çevrildi. İnsanlara doğma torpaqlarını yenidən bəxş etdi. Onların yurd həsrətinə son qoydu.

Hazırda yenə də bu təbii sərvətimizin ölkəmizə gətirdiyi gəlirlə Qarabağ yenidən qurulur. Qurulur ki, sakinlərini qarşılasın. İnsanlar dədə-baba yurdlarına qayıda bilsinlər. Axı düşmən o torpaqlarda daşı daş üstündə qoymayıb. Buna görə də şəhər, kəndlərimiz yenidən qurulur, sakinlərinin rahat yaşayışı üçün abadlaşdırılır. Artıq Zəngilandan başlanan Böyük Qayıdış yaxın gələcəkdə bütün azad torpaqlarımızı əhatə edəcəkdir.

Bir sözlə, ötən illərin tarixini bir-bir səhifələdikcə neftli həyatımızın da müxtəlif dövrləri, zamanları ilə qarşılaşırıq. Lakin həmin dövrlər arasında neftimizin ötən illərdəki qədər ölkəmizin inkişafına, tərəqqisinə yönəldilməsini görməmişik. Dövlətimizin başçısının illər öncə səsləndirdiyi “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarı artıq real həyatda öz əksini tapıb. Biz buna nail ola bilmişik.

Ölkəmizdəki neft buruqları sərvət bulaqlarımızdır, daim qaynayır, o bulaqlardan sərvət axır, inkişaf, tərəqqi, rifah axır. Axdıqca da vətəndaşın rifahına çevrilir. Bu səbəbdən də Azərbaycan vətəndaşı ona qayğı göstərən dövlətinin arxasında, “dəmir yumruğ”un ətrafındadır.

Neftdən söhbət açmışıqsa, əsas məsələni də qeyd edək ki, 20 sentyabr ölkəmizdə Neftçilər günü, neftçilərimizin peşə bayramıdır. Bu çətin və şərəfli peşədə neftçilərimizə uğurlar arzulayır, onlara “bu ölkənin sahib olduğu neftlə və bu neftin taleyi tapşırılan sizlərlə fəxr edirik”, - deyirik. Qoy buruqlarımızdan hər zaman sərvət axsın... Bulaq kimi.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə