Azərbaycanda 22 minə yaxın şəxsi heyvan dişləyib

Son altı ayda Azərbaycanda 22 min 406 nəfərdə heyvan dişləməsi qeydə alınıb. SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

Onun sözlərinə görə, bunlardan 11 min 313 hadisə məlum heyvanlar, 9 min 215 hadisə naməlum heyvanlar tərəfindən xəsarət alanlar olub:

"Qeydə alınan dişləmə hadisələri əsasən itlər və pişiklər tərəfindən baş verib. Göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artsa da, insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb".

GEM rəsmisi xatırladıb ki, adətən canavar və tülkü dişləməsi nəticəsində quduzluq riski daha yüksək olur.

Onun sözlərinə görə, heyvan dişləməsi, çırmaqlaması və tüpürcəklənməsi hadisələri barədə müraciət olduqda tibb müəssisəsi tərəfindən məlumat yaşayış üzrə ərazi GEM-nə verilir:

"Hadisə qeydə alındıqda hadisənin baş verməsi barədə tam məlumat toplanılır, xəsarət almış şəxsin vaksinasiyaya cəlb olunması və kursu vaxtında tamamlanmasın üzərində nəzarət aparılır. Eyni zamanda heyvan üzərində nəzarətin təmin edilməsi üçün baytarlıq idarəsinə məlumat verilir".

A.Qurbanova həmçinin dişləmə hadisələri zamanı həkiməqədər görülən ilk tibbi tədbirləri də açıqlayıb:

"Zədə alınan nahiyə 72%-lik sabun varsa maksimum axar su altında yuyulmalıdır. Bununla virusun məhv olunmasına nail ola bilərik. Spirt, yodla da həmin an ilkin tibbi yardım edilə bilər. Artıq ikinci mərhələdə həkimə mütləq müraciət edilməlidir. Bundan sonra həkim müalicə kursu yazır. İstənilən heyvan dişləməsi, cırmaqlanma və tüpürcəkləmədə ilkin tibbi yardımdan sonra yalnız həkim nəzarətində bu vaksini vurmaq lazımdır. Xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur. Qeyri-şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur".

Bütün xəbərlər Facebook səhifəmizdə