Yay mövsümündə isti havalar ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün bir sıra risklərlə müşayiət oluna bilər. Belə ki, yüksək temperatur və rütubət ürək yüklənməsini artırır, bu da xüsusilə hipertoniya, koronar arteriya xəstəliyi, ürək çatışmazlığı və ritm pozuntuları olanlar üçün ciddi fəsadlara səbəb olur. SİA xəbər verir ki, istinin ürək ritmini və qan təzyiqini dəyişməsi ilə əlaqədar olaraq yay mövsümü bəzi pasiyentlər üçün riskli dönəmə çevrilə və hətta əvvəl heç problemi olmayanlarda belə ürək böhranları müşahidə edilə bilər.
Mərkəzi Gömrük Hospitalının Kardiocərrahiyyə şöbəsinin rəisi, ürək-damar cərrahı Elməddin Əliyev yay fəslində ürək xəstələrinin diqqət yetirməli olduqları məqamlar barədə bəzi tövsiyələr verib.
- Həkim, yay aylarının qızmar günlərində ürək əməliyyatı keçirən xəstələr nəyə diqqət etməlidirlər?
- Ürək əməliyyatı keçirmiş pasiyentlər yay aylarında xüsusilə diqqətli olmalıdırlar, çünki həmin dövrdə onların həm ümumi bədən müqaviməti, həm də kardiovaskulyar sistemin sabitliyi hələ tam bərpa edilməmiş olur. İstiyə qarşı adaptasiya qabiliyyəti zəiflədiyi üçün əməliyyatdan sonrakı dövrdə bədən daha həssas olur və əlavə stres faktorları ciddi sağlamlıq riskləri doğura bilər. Yay aylarında havaların kəskin şəkildə istiləşməsi, rütubətin artması və günəş radiasiyasının güclənməsi əməliyyatdan sonra bərpa prosesində olan orqanizm üçün əlavə yüklənmə deməkdir. Havada yüksək temperaturun olması dövründə bədəndə su-duz balansı pozulduqda qan dövranı yavaşlaya və ürəyə oksigen çatdırılması azala bilər ki, bu da ürək ritmində pozuntulara (aritmiyalara), təzyiq dalğalanmalarına, ürək çatışmazlığına və nadir hallarda miokard infarktı və ya qəfil ürək dayanmasına səbəb ola bilər. Əməliyyat keçirmiş ürək xəstələrinin istilik tənzimləmə sistemi əməliyyatdan sonra tam bərpa olunmadığı üçün bədən isti havaya çətin uyğunlaşır və bu da ürəyə əlavə yük salaraq ciddi fəsadlara səbəb ola bilər.
- Yay mövsümündə ürək xəstələrinin gündəlik həyatında xüsusilə diqqət yetirməli olduqları əsas məqamlar hansılardır?
-İlk növbədə susuzluğun qarşısını almaq lazımdır. İsti hava ilə əlaqədar bədəndən normadan artıq maye və elektrolit itirilir, bu isə qan təzyiqinin düşməsi, ürək ritminin pozulması, başgicəllənmə və halsızlığa səbəb ola bilər. Ona görə də gün ərzində ən azı 2–2,5 litr su qəbul edilməlidir. Ürək xəstələri üçün ən təhlükəsiz seçim duzsuz mineral su, təbii ayran və ya evdə hazırlanmış meyvə kompotlarıdır. Soyuq çaylar və enerji içkiləri aritmiyaya səbəb ola bilər.
Günəş altında uzun müddət qalmaqdan çəkinmək lazımdır. Günəş şüalarının təsiri altında bədəndə damar genişlənməsi baş verir və bu, ürəyə düşən yükü artırır. Saat 11:00-dan 17:00-a qədər açıq havada uzun müddət qalmaq təhlükəlidir. Bununla bağlı, çölə çıxarkən açıq rəngli, nazik, nəfəs alan geyimlər geyinmək, gün eynəyi və baş örtüyündən istifadə etmək, mümkün olduqca sərin və kölgəli mühitlərdə qalmaq vacibdir.
Digər bir mühüm məsələ təzyiq və dərman nəzarətidir. Yay aylarında dərman qəbulu üçün xüsusi cədvəl tərtib olunmalı və gündəlik təzyiq qeydə alınmalıdır. Qan təzyiqi normadan aşağı düşərsə, dozanı azaltmaq yalnız həkim qərarı ilə olmalıdır. Dərman qəbulu həkimin təyinatına əsasən yenidən dəyərləndirilməlidir. Qan təzyiqi gündəlik ölçülməli və qeydə alınmalıdır. Dərmanlar sərin, quru yerdə saxlanılmalı, günəş işığından qorunmalıdır.
Yay aylarında qidalanmaya nəzarət edilməlidir. Ağır, yağlı yeməklər qan dövranını yavaşlatdığı üçün ürəyə əlavə yük yaradır. İsti günlərdə ürək-damar xəstələri qidalanmada duzsuz, yüngül, zülal və liflə zəngin qidalar yeməli, qızartma əvəzinə buğda, sobada və ya qaynadılmış yeməklərə üstünlük vermək daha faydalıdır. Yemək rasionunun 50 faizini tərəvəz və meyvə, 25 faizini zülal (toyuq, balıq), 25 faizini isə kompleks karbohidratlardan (qarabaşaq, qəhvəyi düyü və s.) ibarət olmalıdır. Şirin, duzlu, konservləşdirilmiş məhsullar ürək üçün zərərlidir.
- Yayda fiziki aktivlik ürək xəstələri üçün təhlükəli deyil?
- Tamamilə hərəkətsiz qalmaq ürək xəstələrinə məsləhət görülmür. Lakin isti havalarda fiziki aktiv hərəkətlər diqqətlə seçilməlidir. İstidə yüksək nəbzli idman hərəkətləri əvəzinə, səhər və ya axşam saatlarında 20-30 dəqiqə yüngül gəzinti ürək üçün daha faydalıdır. Aktivlik zamanı nəfəs darlığı, başgicəllənmə və sinə ağrısı yaranarsa, dərhal dayandırılmalı və istirahət edilməlidir. Tamamilə hərəkətsiz qalmaq ürək-damar xəstəlikləri olanlar üçün düzgün seçim deyil. Əksinə, müntəzəm, yüngül fiziki aktivlik qan dövranını yaxşılaşdırır, ürək əzələsini gücləndirir, təzyiqi sabitləşdirir və xolesterin səviyyəsini tənzimləyir. Lakin yay mövsümündə – xüsusilə havanın qızmar və rütubətli olduğu günlərdə – fiziki aktivlik planlı şəkildə həyata keçirilməlidir. İsti hava bədəndə damarların genişlənməsinə, tərləmə ilə maye və elektrolit itirilməsinə səbəb olur. Bu, ürək ritminin pozulması və təzyiq enməsi riskini artırır. Ona görə də fiziki hərəkətlər səhər – saat 6.30-dan 9:00-dək və ya axşam saatlarında - saat 19:00-dan 21:00-dək edilməlidir. Həmin saatlarda həm temperatur daha aşağı olur, həm də günəşin ultrabənövşəyi şüalarının təsiri zəif olur.
- Həkim, hansı fiziki aktivlik növləri daha uyğundur?
- Yay aylarında ürək xəstələri üçün yüksək sürətlə edilən idman növləri, məsələn, qaçış, intensiv velosiped sürmə, ağırlıq qaldırma tövsiyə olunmur. Həmin fəsildə 20–30 dəqiqəlik sürətli olmayan gəzinti, yüngül nəfəs məşqləri və yoga, suda gəzinti (əgər suyun temperaturu uyğundursa), ev şəraitində havalandırma olan otaqda yüngül idman hərəkətləri etmək məsləhət görülür.
Fiziki aktivlik zamanı nəfəs darlığı və ya təngnəfəslik, başgicəllənmə və ya göz qaralması, sinə ağrısı və ya sıxılma hissi, ürək döyüntüsünün çox sürətlənməsi, gücsüzlük və əzginlik hissi kimi əlamətlər müşahidə olunarsa, fəaliyyət dərhal dayandırılmalı və istirahət edilməlidir. Həmin hallar ürəyin fəaliyyətində gərginlik və ya oksigen çatışmazlığının əlaməti ola bilər.
Yay aylarında ürək xəstələri üçün fiziki aktivlik tamamilə qadağan deyil, amma doğru vaxtda, sürətlə və ehtiyatla edilməlidir. Əsas məqsəd ürəyi yükləmək yox, onu dəstəkləməkdən ibarət olmalıdır. Əgər pasiyentin miokard infarktı, ürək çatışmazlığı və ya ciddi aritmiya kimi diaqnozları varsa, fiziki hərəkətlər etməzdən əvvəl mütləq həkim-kardioloqla məsləhətləşilməlidir.
- Yay aylarında səyahət ürək xəstələri üçün nə dərəcədə risklidir?
- Əgər xəstə stabil vəziyyətdədirsə və düzgün planlama aparılıbsa, səyahət mümkündür. Amma uzun məsafəli uçuşlar, yüksək dağlıq ərazilər və çox isti bölgələr ürək xəstələri üçün təhlükəli ola bilər. Səyahətdən əvvəl həkimlə məsləhətləşmək, dərmanları yanında daşımaq və qəfil əlamətlər baş verərsə, hansı tədbirlər görmək barədə hazırlıqlı olmalıdır.
- Kondisionerdən istifadə ürək xəstələri üçün təhlükəlidirmi?
- Yüksək temperatur ürək fəaliyyətini ciddi şəkildə poza bildiyindən kondisioner sərinliyi bəzən həyati əhəmiyyət daşıya bilər. Lakin çox soyuq otaqda və birdən-birə kəskin temperatur dəyişikliklərinə məruz qalmaq da ürəyə zərər verə bilər. Kondisionerdən istifadə edilərkən otaq temperaturu 22–25°C arasında saxlanılmalıdır. İsti hava ilə soyuq hava arasında kəskin keçidlər, məsələn, qızmar çöldən birdən-birə buz kimi sərin otağa daxil olmaq təzyiqdə sıçrayış, damarlarda spazm və hətta angina simptomlarına səbəb ola bilər. Tədrici sərinləmə və yüngül geyimlərə üstünlük verilməlidir.
Yay ayları hər kəs üçün istirahət, yenilənmə və açıq havada fəaliyyət dövrü olsa da, ürək-damar xəstələri həmin mövsümdə öz sağlamlıqlarına xüsusi həssaslıqla yanaşmalıdırlar. İstidən qorunmaq, düzgün qidalanmaq, dərman rejiminə ciddi əməl etmək, gündəlik təzyiq və nəbzi izləmək, eləcə də, planlı fiziki aktivliyi həkim nəzarəti ilə həyata keçirmək, ürəyin yükünü azaldaraq komplikasiyaların qarşısını almağa kömək edir. Yadda saxlamaq lazımdır ki, sağlam ürək sağlam həyatın açarıdır.
Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi
Bütün xəbərlər Facebook səhifəmizdə