İran kripto pul ilə ilk rəsmi idxal əməliyyatını etdi

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə bağlı Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak “Twitter” hesabından paylaşdığı mesajda ölkəsinin kripto pullarla ticarəti genişləndirmək istədiyini bildirib

İran kripto pul ilə 10 milyon dollarlıq ilk idxal əməliyyatının uğurla tamamlandığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə bağlı Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak “Twitter” hesabından paylaşdığı mesajda ölkəsinin kripto pullarla ticarəti genişləndirmək istədiyini bildirib: “Bu həftə kriptovalyutadan istifadə etməklə 10 milyon dollarlıq ilk rəsmi idxal sifarişinin qeydiyyatı uğurla tamamlandı. Sentyabrın sonuna qədər ölkələrlə xarici ticarətdə kriptovalyutalardan və smart müqavilələrdən geniş istifadəni təşkil etməkdir.

İran Mərkəzi Bankı ilə yanvarın 10-da kriptovalyutanın beynəlxalq ticarətdə istifadəsi ilə bağlı razılığa gəlinib”.

Rəsmi Tehranın kriptovalyutalardan beynəlxalq ticarətdə istifadə etmək istəyinin əsas məqsədi ABŞ-ın tətbiq etdiyi birtərəfli bank sanksiyalarından yan keçməkdir. ABŞ-ın sabiq prezidenti Donald Tramp dövründə tətbiq edilən birtərəfli bank sanksiyaları səbəbindən İran beynəlxalq ticarətdə dollara əsaslanan əməliyyatlar həyata keçirə bilmir.

Hal-hazırda İran kriptovalyuta istehsalının ən çox həyata keçirildiyi ölkələr sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...