"Azərbaycan bu iqtisadi böhrandan ciddi şəkildə təsirlənməyəcək" - İQTİSADÇI AÇIQLADI

"Azərbaycan bu iqtisadi böhrandan ciddi şəkildə təsirlənməyəcək" - İQTİSADÇI AÇIQLADI

“Bu gün dünya iqtisadiyyatında ciddi bir durğunluq mövcuddur. Bu durğunluq gələcəkdə çox yüksək bir iqtisadi böhran yarada bilər”. Bu fikirləri iqtisadçı Aslan Əzimzadə bildirib.
Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var: “İlk səbəbi təbii ki, covid-19 pandemiyasına görə istehsalın dayanmasıdır ki, bu da nəticə etibarilə sahibkarlıq subyektlərinin fəaliyyətini ciddi şəkildə zərərə uğradıb. Digər tərəfdən isə səbəb ölkələrdə düzgün aparılmayan iqtisadi siyasətləridir. Bu amillər böhranı tətikləyən əsas istiqamətlərdəndir. Hər bir ölkə kimi Azərbaycana da bu böhranın müəyyən təsirləri olacaqdır. Amma düşünürəm ki, bu gün Azərbaycan iqtisadiyyatının dayanıqlılığı onu deməyə imkan verir ki, Azərbaycan bu iqtisadi böhrandan ciddi şəkildə təsirlənməyəcək. Lakin biz dünya iqtisadiyyatında baş verən böhran çərçivəsində neft qiymətlərində müəyyən azalmalara şahid ola bilərik. Müəyyən istiqamətlərdə o cümlədən idxal etdiyimiz məhsullarda qiymət artımı mövcud ola bilər. Bu da öz növbəsində idxal inflyasiyası ilə nəticələnə bilər. Bunun qarşısını almaq üçün təbii ki, yerli istehsalı təşviq etmək lazımdır. Əsas kapitala, emal sənayesinə investisiyaların cəlb edilməsinə nail olmaq lazımdır. Bu yalnız birbaşa xarici investisiyalar ilə deyil, daxili investisiyalar ilə də mövcud olmalıdır. Məhz sözügedən istiqamətlərdə düşünürəm ki, Azərbaycan gələcəkdə yarana biləcək böhranlara qarşı adaptiv mexanizm formalaşdıra bilər. Digər tərəfdən dünya iqtisadiyyatında baş verəcək böhran deqloballaşma meyillərini inkişaf etdirir. nu inkişaf nəticəsində isə regionlaşmanın ön plana çıxdığını görürük ki, bu da növbəti illərdə yeni regionlar iqtisadi blokların yaranmasından xəbər verə bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə