İpoteka ilə mənzillərə əlçatanlıq hansı səviyyədədir? - ARAŞDIRMA

“Tək şəxsiyyət vəsiqəsi ilə ipoteka krediti” hədəfinin reallaşdırılması istiqamətində yeni tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2005-ci ildə Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olaraq yaradılmış və 2006-cı ilin mart ayından etibarən ölkədə ilk uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılıb. Bugünədək Fondun vəsaiti hesabına maliyyələşdirilmiş ipoteka kreditləri vasitəsilə 39 mindən çox ailə mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub, ipoteka kreditlərinin həcmi isə 2,2 milyard manatı keçib. Bu kreditlər vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış insanların, ailələrin 70%-i gənclərdir.

Hazırda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" əsasında iki növ ipoteka krediti: adi və güzəştli ipoteka kreditləri verilir. 18 yaşına çatmış, ödəniş qabiliyyətli və rəsmi gəlirləri olan hər bir Azərbaycan Respublikasının vətəndaşı adi ipoteka krediti əldə etmək hüququna malikdir.

İpoteka kreditləri əhaliyə Fondun müvəkkil bankları vasitəsilə verilir. İpoteka kreditinin alınması üçün tələb olunan gəlir alınacaq yaşayış sahəsinin dəyərindən və müraciət olunan ipoteka kreditinin məbləğindən, eləcə də potensial borcalanın ailə üzvlərinin sayından və xərclərindən asılı olaraq dəyişir.

İpoteka və kredit zəmanət fondunun mətbuat katibi Yeganə Ramazanova bildirib ki, 2022-ci ilin ilk rübündə Fondun xətti ilə verilən ipoteka kreditləri üzrə orta aylıq ödəniş 504 manat təşkil etmişdir. Bu da ölkə üzrə orta aylıq əmək haqqının (768,3 manat) təxminən 66%-i həddindədir.

Fond tərəfindən əhaliyə xidmətlərin təqdim olunmasında ilk öncə əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, elektron xidmətlərin tətbiqi və bürokratiyanın istisna edilməsi əsas prioritetlərdəndir. Bununla əlaqədar, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə ipoteka kreditlərinə müraciətlərin qəbulundan verilməsinədək, o cümlədən kreditlərə xidmət prosesi tam avtomatlaşdırılmış, tələb olunan sənədlərin siyahısı minimuma endirilmişdir. Hazırda da Fond tərəfindən elektron sistemin digər dövlət qurumlarının aidiyyəti sistemləri ilə inteqrasiya işlərinin genişləndirilməsi və “tək şəxsiyyət vəsiqəsi ilə ipoteka krediti” hədəfinin reallaşdırılması istiqamətində müvafiq yeni tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”na müvafiq olaraq 2018-ci ilin oktyabr ayından etibarən Fond tərəfindən ipoteka kreditləri üzrə zəmanətlərin verilməsinə başlanılıb.

Məlum olduğu kimi, ipoteka kreditləşməsi sahəsində ödəniş qabiliyyətli əhalinin ipoteka kreditlərinə çıxışını məhdudlaşdıran əsas problemlərdən biri ilkin ödəniş məbləği ilə bağlıdır. İlkin ödəniş məbləğinin yüksək olması təbii ki, əhalinin yığımlarına olan tələbi artırır və nəticədə, yığımları aşağı olan əhalinin ipoteka kreditlərindən istifadəsini çətinləşdirir.

İpoteka kreditləri üzrə zəmanətlərin verilməsinin əsas məqsədi şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti hesabına yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etməkdir. Zəmanət mexanizminin mahiyyəti borc alan tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi halında ipoteka predmetinin satışından əldə olunan vəsait ilə kredit borcu arasında yarana biləcək fərqin Fond tərəfindən qarşılanmasıdır. Beləliklə, zəmanət mexanizmi müvəkkil bankları ipoteka kreditinin defoltu səbəbilə yarana biləcək itkilərdən qorumaqla, onları daha az ilkin ödənişə malik vətəndaşlara ipoteka kreditlərinin verilməsinə stimullaşdırır.

Qeyd etmək lazımdır ki, bugünədək Fond tərəfindən 655 kredit üzrə 51,8 mln. manat məbləğində ipoteka krediti üzrə zəmanət verilmişdir. Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsinə və maliyyə risklərinin optimal idarə olunmasına, ipoteka kreditlərinin əlçatanlığının artmasına zəmin yaratmışdır.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...