“Qadınların iqtisadi cəhətdən gücləndirilməsi”

Maykl Dikerson: Azərbaycan qadınları iqtisadiyyatın aparıcı qüvvəsi kimi ölkənin dayanıqlı inkişafına töhfə verəcək güclü potensiala malikdirlər

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Amerika Ticarət Palatası (AmCham) “Qadınların Milli Biznes Gündəliyi (QMBG) Platformasının İnkişafı Əsasında Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsi” mövzusunda birgə konfrans keçirib. Tədbirdə “Qadınların iqtisadi cəhətdən gücləndirilməsi”nə dair bəyannamə imzalanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib ki, konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, diplomatik icmanın nümayəndələri iştirak ediblər.

Ölkə iqtisadiyyatında qadınların rolunun gücləndirilməsi məqsədilə daha əlverişli biznes mühitinin yaradılması yolları konfransda müzakirə edilib. Amerika Ticarət Palatası və USAID-in özəl sektorun inkişafı layihəsi qadın sahibkarların üzləşdiyi çətinliklərlə bağlı aparılmış sorğuların nəticələrini elan edərək, onların aradan qaldırılması üçün müxtəlif həll yolları təklif ediblər.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson diqqətə çatdırıb ki, “Qadınların Milli Biznes Gündəliyi (QMBG) iqtisadiyyatda və iş yerlərində qadınlar üçün daha əlverişli mühitin yaradılmasına xidmət edir. “Hesab edirik ki, qadınlar milli iqtisadiyyatın vacib və aparıcı qüvvəsi olaraq Azərbaycanın dayanıqlı və inklüziv inkişafına töhfə verə biləcək güclü potensiala malikdirlər. Biz, bu prosesdə öz dəstəyimizi əsirgəməyəcəyik”, - deyə M.Dikerson bildirib.

Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli isə bildirib ki, qadınların iqtisadi gücünün artırılması həm qadın hüquqlarının, həm də iqtisadi artım, təhsil və rifah kimi daha geniş inkişaf məqsədlərinin reallaşmasında mühüm rol oynayır. Bu fikir cəmiyyətdə getdikcə daha çox qəbul edilir. Qadınların iqtisadi cəhətdən daha güclü olması nəinki onlara, hətta cəmiyyətə də fayda gətirir. “Ona görə də biz Amerika Ticarət Palatasının strateji fəaliyyətinin istiqamətlərindən birini də qadınların iqtisadi cəhətdən gücləndirilməsi üçün daha əlverişli biznes mühitinin yaradılmasına həsr etmişik”, - deyə o qeyd edib.

Konfrans müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə