K/T məhsulları bolluğunun yaradılması diqqət mərkəzindədir - TƏHLİL

K/T məhsulları bolluğunun yaradılması diqqət mərkəzindədir - TƏHLİL

Kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi, yüksək məhsuldarlığa nail olunması, kifayət qədər məhsulla ölkə bazarlarını təmin etmək, eləcə də həmin məhsullar artıq olduğu təqdirdə onların ixrac edilməsini reallaşdırmaq hər zaman prioritet olaraq qalmaqdadır. Bu məqsədlə kənd təsərrüfartına dövlət tərəfindən xüsusi diqqət yetirilir, kənd təsərrüfatı məhsulları istehsalçıları stimullaşdırılır və bunun üçün onlara subsidiyalar da ayrılır, müxtəlif istiqamətdə daim dəstək də göstərilir.

Dövlətimizin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı başadüşüləndir və istər kənd təsərrüfatı məhsulu istehsal edən kəndlilər, istərsə də fermerlər tərəfindən yüksək qiymətləndirilir. Çünki, bu gün hərhansı məhsul istehsalçısı bu qayğı və diqqəti hiss etməkdədir. Məhsul bolluğunun yaradılması, eləcə də işlərin daha intensiv həyata keçirilməsi və kəndlinin sosial durunun yaxşılaşdırılması məqsədi ilə dövlətimizin dəstəyini görməmək, bunu inkar etmək mümkün deyil.

Bildiyimiz kimi, kənd təsərrüfatı məhsullarının istehsalı zamanı məqsəd təkcə məhsul tədarükü, daxili bazarların məhsulla təminatı, eləcə də ixricın artırılması deyil, həm də vətəndaşlarımızın maddi rifah halının yaxşılaşdırılması da ön planda durur. Beləki, kənd təsərrüfatı məhsullarını əkib-becərən, tədarük edən, istehsal edən fermerlər özləri ilə yanaşı işçi qüvvəsini də istehsala cəlb edir və bu da işsizlik səviyyəsinin minimuma endirilməsi, məşğulluğun artırılması deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi, toplanılması, tədarükü, təkrar emalı sahəsində çalışan vətəndaşlar bu sahədə çalışdıqları üçün maddi vəziyyətlərini daha da yaxşılaşdırır, bu da əhalinin rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərir.

Kəndlilərin, eləcə də fermerlərin məhsul yetişdirməsi ölkənin ərzaq təhlükəsizliyi baxımından xüsusilə mühüm rola malikdir. Əvvəla, istehsal olunan məhsullar daxili tələbatı ödəməli, daxili bazarlarda vətəndaşlarımızın ehtiyaclarını qarşılamalıdır. Belə olduğu təqdirdə xarici ölkələrdən məhsul idxalına minimum tələbat yaranır və kənd təsərrüfatı məhsullarının bahalaşması müşahidə edilmir, çünki xarici ölkələrdən tədarük olunan məhsullar qiymət artımına təsir göstərə bilmir, istehlakçıları da bu məhsullara tələbatı layiqincə qarşılanır. Təbii ki, bu ehtiyaclar qarşılandıqda və məhsul bolluğu yarandığı təqdirdə qalan məhsullar ixrac edilir ki, bu da hər bir ölkənin siyasi-iqtisadi prioritetlərindən hesab olunur. Elə buna görə də bu gün Azərbaycan hökuməti bu istiqamətdə işlər görür, mütəmadi proqramlar reallaşdırılır, kəndlini, fermeri stimullaşdırmaq məqsədi ilə onlara subsidiyalar, kreditlər verilir.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, daxili bazarların məhsulla təminatı həmin məhsulların qiymətlərinə əsaslı şəkildə təsir edir. Beləki, tələb və təklif arasında olan münasibətlərdən asılı olaraq daim qiymətlər formalaşır. Əgər daxili bazarlarda tələb təklifi üstələyirsə, idxaldan asılılq olmasa belə bu zaman qiymət artımı müşahidə edilir. Əksinə, təklif tələbdən daha çoxdursa, bu zaman məhsullar istehlakçılara daha ucuz qiymətə təklif edilir. Məhz bu məqsədlə də Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin, istehsalının, tədarükünün artırılmasına xüsusi maraq var. Bu maraq da özünü biruzə verir və daxili bazarlarımızda məhsul bolluğu ixracın da artırılmasına gətirib çıxarır. Nəzərə çatdırmaq yerinə düşərdi ki, Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda bildirilir ki, yanvar-aprel aylarında meyvə-tərəvəz ixracında artım qeydə alınıb. Hesabata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 162 602,25 min ABŞ dolları dəyərində və 127 722,92 ton miqdarında meyvə-tərəvəz ixrac edib. Bu rəqəm heç də kiçik göstərici deyil. Bu göstəricini ötən ilin müvafiq dövrü ilə müqaisə etmək yetərlidir ki, artım haqqında təsəvvür yaransın. Beləki, ötən ilin müvafiq dövrü ilə, yəni yanvar-aprel ayları ilə müqayisədə bu il ixrac olunan meyvə-tərəvəzin dəyərində 23,6%, həcmində isə 6,4% artım qeydə alınıb. Nəzərə çatdıraq ki, ixrac olunan meyvə-tərəvəz məhsulları arasında, əsasən, tomat, meşə fındığı, alma, xurma, kartof və nar üstünlük təşkil edib.

Məsələ burasındadır ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, tədarükü, emalı və ixracının artırılması üçün daha böyük potensial var və bunu ekspertlərin əksəriyyəti də qeyd edirlər. Respublikamızın rayonlarında istər meyvə, istər tərəvəz istərsə də texniki bitgilərin tədarükünün daha da artırılması üçün imkanlar genişdir. Həmin kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün kifayət qədər ərazilər, torpaq sahələri mövcuddur və bu sahələrdən təyinatı üzrə istifadə olunması daha böyük nəticələr vəd edir. Beləki, hərhansı kənd təsərrüfatı məhsulunun yetişdirilməsi üçün təyinatlı torpaqların boş qalmaması, yaxud başqa məqsədlər üçün istifadə edilməməsi müsbət nəticənin əldə olunması, məhsul bolluğunun daha da artırılması deməkdir.

Üstəlik, işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi, yetişdirilməsi, tədarükünün təşkili toplanılacaq kənd təsərrüfatı məhsullarının daha da artmasına, məhsul bolluğuna əsaslı zəmin yaradır. Az qala əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında saxlanılan və artıq işğaldan azad edilən torpaqlarımızın bu gün kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsində, məhsul yetişdirilməsində istifadəsi daxili bazarların kənd təsərrüfatı məhsulları ilə tələbatının daha da yaxşı qarşılanmasına, eləcə də ölkəmizin ixrac potensialının artması üçün böyük imkanlar vəd edir.

Maraqlıdır, kənd təsərrüfatı məhsullarının yetişdirilməsini, tədarükünü və ixracını daha da artırmaq üçün nələri nəzərə almaq lazımdır? Hansı tədbirlər məhsul yetişdirilməsi və tədarükünün səviyyəsini artıra bilər? Sözsüz ki, torpaqların vaxtında, özü də təyinatı üzrə əkilməsi, qulluq edilməsi məhsuldarlığa müsbət təsir göstərir. Nəzərə almaq lazımdır ki, qulluq işlərinin görülməsi, suvarma, eləcə də bitgilərin zərərvericilərdən qorunması əsas şərtdir. Əvvəla, torpağa gübrələrin verilməsi, torpağın qüvvətləndirilməsi ön planda durur və bu zaman yüksək məhsuldarlığa ümid etməyə dəyər. Bununla yanaşı suvarma işləri də görülməlidir və bunun üçün suvarma sistemləri nəzərdən qaçmamalıdır, əks halda nəinki məhsuldarlıq aşağı düşər, eləcə də bitgilər məhv ola bilər. Təbii ki, zərərvericilərlə mübarizə tədbirləri də görülən işlər sırasındadır və əgər zərərvericilərlə mübarizə aparılmazsa, bol məhsul əldə olunacağına ümid etməyə dəyməz. Təsadüfi deyil ki, torpağın qüvvətləndirilməsinə, suvarma işlərinə dövlət öz dəstəyini əsirgəmir. Hər il kənd təsərrüfartı məhsulları yetişdirən fermerlərin güzəştli şəkildə gübrələrlə təmin edilməsi əbəs yerə deyil və bu, davamlı şəkildə məhsul bolluğunun təmin edilməsinə xidmət edir.

Bütün sadalananlar ondan xəbər verir ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının becərilməsi, tədarükü, daxili bazarlarda məhsul bolluğunun yaranması, ixrac potensialının artırılması dövlətimizin diqqət mərkəzindədir. Bunun üçün isə əsaslı tədbirlər, proqramlar həyata keçirilir. Bu tədbirlərin məntiqi nəticəsi olaraq ölkəmizdə məhsul bolluğuna nail olunduğu göz önündədir və gələcəkdə isə daha bol məhsul istehsal ediləcəyi barədə nikbin proqnozlar söyləmək olar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə