“Taxtakörpü su anbarı ölkəmiz üçün böyük strateji əhəmiyyət kəsb edir” - SƏDR MÜAVİNİ DANIŞDI
“Taxtakörpü su anbarı ölkəmiz üçün böyük strateji əhəmiyyət kəsb edir. Çünki bu obyekt bu gün Azərbaycanın şimal bölgəsinin su təminatı ilə yanaşı, Sumqayıt, Bakı şəhərləri və Abşeron rayonunun içməli su tələbatının ödənilməsində mühüm rol oynayır”. SİA xəbər verir ki, bu fikirləri Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev jurnalistlərin Taxtakörpü su anbarına media turu zamanı bildirib.
O qeyd edib ki, Taxtakörpünün əsas su mənbəyi Samur çayıdır: “Samur çayında son 4-5 ildə qlobal iqlim dəyişikliyi fonunda su axını ilbəil azalır. Buna görə də biz bu obyektlə ölkəmizdə əhalinin etibarlı içməli suya olan tələbatını təmin etmiş oluruq. Bu su anbarının istifadəyə verilməsi ilə əhalinin içməli su ilə bağlı problemi demək olar ki, hiss olunmadı. Taxtakörpü su anbarı eyni zamanda şimal zonasının dağ çaylarından da qidalanır. Qudyalçay, Vəlvələçay, Qusarçay və digər çaylarla da bu anbarın su təminatını həyata keçiririk. Taxtakörpü su anbarının ümumi su tutumu 268,4 mln kubmetr, faydalı həcmi isə 238,4 mln kubmetrdir. Bəndinin hündürlüyü 136,5 m, uzunluğu 1180 metrdir. Su anbarı istifadəyə verildiyi gündən bu günə qədər anbara toplanan suyun miqdarı 3 milyard 254 milyon kubmetr olub ki, bu suyun 3 milyard 50 milyonu Ceyranbatan su anbarına nəql olunub. Taxtakörpü su anbarına istər daxil olan, istərsə də Ceyranbatana nəql olunan suların hamısı öz axımı ilə həyata keçirilir. Buna görə də biz bu su anbarını strateji və unikal obyekt kimi qeyd edirik. Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə yanaşı Şimal regionunda 50 min hektardan yuxarı torpaqların su təminatı həyata keçirilir. Bunun da 30 min hektarı yeni suvarılan torpaqlardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB