Nazir Ucarda vətəndaşları qəbul edib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ucar şəhərində vətəndaşları qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdən öncə nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarının sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, nazir Rəşad Nəbiyevin Ucar şəhərində vətəndaşlarla görüşü mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə