“Azərbaycanın tranzit imkanları Şərq-Qərb dəhlizinin əhəmiyyətini artırır” - DEPUTAT

“Azərbaycanın tranzit imkanları Şərq-Qərb dəhlizinin əhəmiyyətini artırır” - DEPUTAT

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Nəzərə alsaq ki, Ukraynada apardığı hərbi əməliyyatlar səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin karbohidrogen ixracına ciddi təsir edib. Rusiya ərazisi ilə Avropa bazarlarına istiqamət almış ixrac-boru kəmrlərində bəlli səbəblərdən baş verən dayanmalar Orta Asiya ölkələrini alternativ marşrutlar axtarmağa vadar edib. Belə olan halda Azərbaycanın tranzit ölkə kimi önəmi daha da artıb. Ölkəmizdə yaradılmış infrastruktur, lojistik imkanlar Şərq-Qərb dəhlizi ilə Avropaya daşınmaları xeyli artırıb, bəzi ölkələrdən asılılığı minimuma endirib. Şərq-Qərb dəhlizi Avropa ölkələrinin bəzi məhsullara olan tələbatını ödəmək imkanı yaradıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını və əhəmiyyətini artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir: “Eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin - nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi kimi böyük potensialı var. Bu gün Çin malları Azərbaycandan Türkiyəyə, oradan isə Avropaya çıxarılır. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri zamanı aparılan danışıqların prioritet mövzusu tranzit daşımaları ilə bağlı olub və sənədlər imzalanıb. Azərbaycanın tranzit imkanları Şərq-Qərb dəhlizinin əhəmiyyətini artırır. Ukraynada gedən müharibə Qazaxıstanı yeni marşrutlar axtarmağa vadar edib və Azərbaycan variantının daha səmərəli və təhlükəsiz olduğu bəlli olub. Ölkə rəsmilərinin bu barədə açıqlamalarından da görünür ki, Qazaxıstan 2023-2024-cü ildən tez bu marşrutu reallaşdıra bilməyəcək. Azərbaycan isə karbohidrogen nəqli üçün bir neçə variant təklif edə bilər, Bakı-Supsa (Batumi limanınadək boru kəməri), Bakı-Tbilisi-Ceyhan (Türkiyənin Ceyhan limanınadək boru xətti). Tükmənistan neftinin BTC ilə nəql edilməsinə isə 2010-cu ildən başlanılıb. Bu, iqtisadi cəhətdən daha sərfəlidir və Azərbayacana əlavə gəlir gətirir. Azərbaycanda neftin nəqli üçün potensial hər zaman mövcuddur. Bu potensialın reallaşması isə bir çox amillərdən, o cümlədən yeni texnologiyaların tətbiqindən, yeni neft yataqlarının kəşf edilməsindən və mövcud yataqların sabit işlənməsindən asılıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə