“Texnofest”in Azərbaycanda keçirilməsi olduqca mühüm hadisədir - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

"İlk olaraq qeyd edim ki, 100 faiz türk brendi olan “Texnofest”in Azərbaycanda keçirilməsi olduqca mühüm hadisədir". Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq Rəşad Bayramov bildirib ki, 2018-ci ildən etibarən təşkil olunan “Texnofest” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərdən hesab olunur: "Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətini cəlb etmək və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir. Bu, 1,2 milyonluq iştirakçı ilə dünyanın ilk geniş aerokosmik və texnologiya festivalıdır.

2022-ci ildə “Texnofest”in Azərbaycanda keçirilməsi ilə bağlı qərar hələ keçən il verilmişdir və xatırlayıram ki, “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin rəhbəri Səlcuq Bayraqdar o zaman qeyd etmişdir ki, bu festivalın Türkiyədən kənarda keçiriləcək ilk tədbirinin məhz qardaş Azərbaycanda keçirilməsinə qərar vermişik. Beləliklə də, “Texnofest” bu il ilk dəfə olaraq Türkiyə sərhədlərindən kənarda – Azərbaycanda keçiriləcək. Bu təbii ki, qardaşlığın, dostluğun, strateji tərəfdaşlığın təzahürüdür. Festival təbii olaraq gənclərimizin texnologiyaya marağının artmasına təkan verəcək. “TEKNOFEST” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün buraya dəvət edilmiş fondlarla əməkdaşlıq baxımından da əhəmiyyətli rol oynayacaq. Digər bir tərəfdən isə bu festival dünyanın müxtəlif ölkələrindən olan gənclərin Azərbaycanı tanıması, ölkəmizin həqiqətləri ilə yerindəcə tanış olması baxımından da xüsusi əhəmiyyət daşıyır".

Rəşad Bayramov fikirlərinə əlavə edərək qeyd edib ki, keçiriləcək festivalda Türkiyə prezidenti, hörmətli R.T.Ərdoğanın iştirakı isə festivalın əhəmiyyətini daha da artırır: "Təbii ki, festival çərçivəsində Türkiyə prezidentinin ölkə başçısı İlham Əliyevlə də görüşü planlaşdırırlır və bu da iki ölkə arasında olan münasibətlər, eləcə də regionumuzda və dünyada baş verən prosesləri müzakirə etmək üçün əlavə imkanlar verir. Xüsusilə də indiki dönəmdə yəni, Türkiyə və Azərbaycan arasında imzalanmış, özündə hərtərəfli müttəfiqlik və qardaşlıq münasibətlərini ehtiva edən “Şuşa bəyannaməsi”nin hər iki ölkələrin parlamentlərində təsdiq olunmasından sonra atılacaq addımlarla bağlı müzakirələr olduqca əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Türkiyə bu gün təkcə regionumuzun deyil, dünyanın söz sahibi ölkələrindən biridir və təbii olaraq belə bir ölkənin, özü də dost və qardaş ölkənin rəhbərinin Azərbaycana gəlişi və bu və ya digər məsələlərlə bağlı müzakirələrin aparılması təbii olaraq Azərbaycanın da mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir".

Politoloq bildirib ki, bu görüşdən öncə prezidentlərin Antalyadakı Diplomatiya Forumunda görüşməsi də gündəmdədir və o da məlumdur ki, həmin forumda Ermənistan baş naziri Paşinyanın da iştirakı etməsi ehtimalı da var: "Düzdür, Paşinyan hələ ki, həmin forumda iştirakını tam təsdiqləməyib və yalnız ehtimallar danışaraq Türkiyə-Ermənistan münasibətlərində müəyyən müsbət irəliləyişlər olacağı halda həmin forumda iştirak edə biləcəyini deyib. Amma düşünürəm ki, son nəticədə Paşinyan həmin forumda iştirakla bağlı qərar verəcək. Çünki bu gün həm Türkiyə ilə, həm də Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün hava-su kimi lazımdır və belə demək mümkünsə düşdükləri bataqlıqdan xilas olmalarının yeganə yoludur.

Ehtimal olunan görüşlərin Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərinə və ya sülh sazişinin imzalanmasına təsirinə gəldikdə isə burada hər şey Ermənistandan asılıdır. Əgər onlar yaranmış vəziyyəti düzgün dəyərləndirsələr, əgər Paşinyan münasibətlərin normallaşmasına hər cür vasitələrlə etiraz edən xaricdəki erməni diasporasının və ölkə daxilindəki qüvvələrin təzyiqlərinə tab gətirə bilsə təbii ki, münasibətlərin normallaşması ilə bağlı müəyyən irəliləyişlər ola bilər. Bunun üçün isə ilk növbədə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, nəqliyyat-komunikasiya xtlərinin açılması, sərhədlərin delimitasiya və demokrasiyasının həyata keçirilməsi, Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkməsi və ölkələrimizin ərazi bütövlüyünü tanıması lazımdır. Məhz bunlardan sonra sülh sazişi haqqında danışmaq da olar".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə