Bütün bu uğurların təməlində neft strategiyamız dayanır - ŞƏRH EDİLDİ

“Hansı beynalxalq platformadakı müzakirələrdə Azərbaycan və Prezident İlham Əliyev iştirak edirsə, o platformada çoxları üçün reallıq kimi görünməyən məsələlər reallığa çevrilir. Cənub Qaz Dəhlizi layihəsi də zamanında çoxlu ölkələr üçün xəyal kimi görünürdü. Amma Azərbaycanın orada olması və layihədə əsas investor kimi çıxış etməsi digər iştirakçıların da marağına səbəb oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, XXI əsrin ən böyük investisiya layihəsi adlandırılan 33 milyard dollar dəyərində CQD 2020-ci ilin dekabrın 31-də başa çatdı: “Azərbaycan qazı ilk dəfə olaraq Avropa qitəsinə daxil olmağa başlandı. Bütün bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə əsası qoyulan neft strategiyamız dayanır. Milli sərvətlərimiz olan neft və qazın istehsalına xarici investorlarları cəlb etməklə milyardlarla dollar investisiyalar Azərbaycanın iqtisadiyyatına yatırıldı. Karbohidrogen resurslarımızın hasilatının artması və yeni potensialların müəyynləşməsi neft və qazın ixrac xətlərinin tikintisini aktuallaşdırdı”.

Deputat sözlərinə belə davam edib: “1999-cu ildə Bakı-Supsa və 2006-cı ildə Bakı -Tiblisi -Ceyhan neft, 2007-ci ildə Bakı-Tiblisi-Ərzurum qaz kəmərləri tikildi. 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalandı və 2014-cü ildən Cənub Qaz Dəhlizinin tikintisinə start verildi.

2018-ci ildə TANAP və 2020-ci ildə TAP layihələri başa çatmaqla 3500 km uzunluğunda olan böyük bir qaz ixracı xəttimiz istifadəyə verilmiş oldu. Cənub Qaz Dəhlizinin inşası ilə bağlı görülən işləri müzakirə etmək və görüləcək işləri planlaşdırmaq məqsədilə Məşvərət Şurası yaradıldı. 2015-ci ildən başlayaraq hər il CQD Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları keçirilir. CQD başa çatanda bəzi dairələr düşünürdülər ki, Məşvərət Şurasının da işi bitəcəkdir. Amma cənab Prezidentin təşəbbüsləri Məşvərət Şurasının aktuallığını nəinki azaltdı, əksinə daha da artırdı və iştirakçı ölkələrin sayı da genişlənir”.

4 fevralda Bakıda fəaliyyətə başlayan CQD Məşvərət Şurasının VIII Toplantısında 20-yə yaxın ölkə, beynəlxalq maliyyə qurumları və dünyanın aparıcı şirkətlərin nümayəndələri iştirak edir. Toplantının mövzusu da bu günün reallığı üçün daha da aktuallaşdı. Toplantıda “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularının müzakirəsi keçirilir. Toplantıda Prezident İlham Əliyev geniş nitqlə çıxış edərək bu möhtəşəm layihənin ərsəyə gəlməsində keçdiyi yola bir daha ekskursiya etdi. Həm də bu gün Azərbaycanın enerjiyə keçiddə baxışlarını və bu baxışların reallaşdırılmasında ölkəmizin potensialını, o cümlədən işğaldan azad olunmuş ərazilərin potensialını toplantı iştirakçıların diqqətinə çatdırdı. Azərbaycan beynəlxalq investisiyaların yerləşdirilməsi üçün ən çox cəlbedici məkandır.

Ölkəmizdəki siyasi və iqtisadi sabitlik, ixrac imkanlarımızın genişlənməsi və sözümüzün imzamız qədər möhkəm olması xarici investorların ölkəmizə cəlbediciliyini artırır.

Düşünrəm ki, CQD Məşvərət Şurası çərçivəsində nazirlərin iştirakı ilə toplantlar uzun illər keçiriləcək və Bakı qlobal çağırışlara uyğun dünya üçün aktual məslələrin müzakirəsi üçün əvəzolunmaz platformaya çevriləcəkdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə