"Dövlət Proqramı”nın 2020-ci il üzrə qiymətləndirilməsi aparılıb

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2020-ci il üzrə nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. Dövlət Proqramının 2020-ci il üzrə monitorinq və qiymətləndirilməsi ilkin nəticə (output), nəticə (outcome) və gözlənilən təsir (impact) indikatorları olmaqla üç səviyyədə aparılmışdır. 2020-ci il üzrə monitorinq və qiymətləndirmə 7 gözlənilən təsir indikatoru, 24 nəticə və 64 ilkin nəticə indikatoru olmaqla toplam 95 indikatoru əhatə edib. 2020-ci il üzrə Proqramın icra faizi gözlənilən təsir indikatorlarına əsasən 90,4 faiz, tədbirlər üzrə ilkin nəticə indikatorlarına görə isə 53,95 faiz səviyyəsində qiymətləndirilib. Proqram nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Burada qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, aparılmış fəaliyyətlərin hədəflənən nəticələri yaratması və gözlənilən təsirlərin ölçülməsi əsasında (nəticəəsaslı) aparılıb.

Eyni zamanda əsas icraçı qurumların reytinqi hər bir qurum üzrə müvafiq ildə qiymətləndirilən tədbirlərin qiymətləndirilməsi əsasında müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyi əsas icraçısı olduğu 47 tədbir üzrə icra faizi 58,47 faiz, Kənd Təsərrüfatı Nazirliyi əsas icraçısı olduğu 5 tədbir üzrə icra faizi 53,7 faiz, Təhsil Nazirliyi əsas icraçısı olduğu 2 tədbir üzrə icra faizi 35 faiz, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə əsas icraçısı olduğu 1 tədbir üzrə icra faizi 0 faiz olaraq qiymətləndirilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, qeydiyyat, təsdiq və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyaların və innovativ həllərin tətbiqi,

beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması istiqamətlərində 12 əsas prioritet üzrə qiymətləndirilmə aparılıb. Ümumilikdə, 2020-ci il ərzində hədəflərə nail olunması planlaşdırılmış tədbirlərə görə qiymətləndirilmiş 12 prioritetdən 9-u, nəticə indikatorlarına görə isə qiymətləndirilmiş 10 prioritetdən 7-si üzrə tam və ya qismən nəticələrə nail olunub. İcra olunan fəaliyyətlər üzrə əsas məsul qurumlar AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir.

Qeyd edək ki, müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılmış və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticəəsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilib. Dövlət Proqramının icra müddətinə uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...