Azərbaycan-Slovakiya biznes forumu keçirilib

Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən İKT, tikinti, qida və sair sahələrdə fəaliyyət göstərən 50-dək iş adamı iştirak edib.

SİA xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm və sair sahələrdə də tərəfdaşlıq inkişaf edir.

Nazir müavini Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verib, slovakiyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.

Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb. İvan Korçok ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, sahibkarların iştirakı ilə keçirilən bu cür tədbirlərin işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev xarici investisiyaların təşviqi məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın xarici iş adamlarına və investorlara ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...