Komitə sədri Milli Məclisdə maraqlı detallara toxundu - TAM ÇIXIŞ

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov bu gün Milli Məclisin növbədənkənar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsi haqqında fikirlərini bildirib. SİA həmin çıxışın tam mətnini sizə təqdim edir:

Dəyərli Sahibə xanım!

Hörmətli millət vəkilləri!

Milli Məclisin müzakirəsinə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilmişdir.

Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 18 iyun tarixində keçirilmiş iclasında (müvafiq dövlət subyektlərin iştirakı ilə) baxılaraq 1-ci oxunuşda Parlamentin plenar iclasının müzakirəsinə tövsiyyə olunmuşdur.

Hörmətli millət vəkilləri!

Enerji effektivliyi resurslarından səmərəli və qənaətli istifadə məsələləri Dövlət başçısının, Azərbaycan Hökumətinin əsas prioritetlərindəndir. Sahə ilə bağlı müvafiq Fərman və Sərəncamlar qəbul edilmişdir.

Müzakirəyə çıxarılan Qanun layihəsinin hazılanmasına yerli mütəxəssislərlə yanaşı beynəlxalq ekspertlər, enerji sektorununda böyük təcrübəsi olan konsaltinq şirkətləri cəlb olunmuş, xarici ölkələrin təcrübəsi öyrənilmiş və sənədin hazırlığı zamanı istifadə olunmuşdur.

Qeyd edim ki, qüvvədə olan “Enerj resurslarından istifadə haqqında” Qanunun qəbulundan 25 il (1996-cı il) ötmüşdür. Sənəd müasir tələblərə, Azərbaycanın enerji sahəsində qoşulduğu beynəlxalq konvensiyalara qismən cavab verir. Bu baxımdan yeni qanunun qəbuluna ehtiyac var. Əslində bunu ictimai sifariş kimi də qəbul etmək olar.

Belə ki, hal-hazırda bütün dünyada enerjinin səmərəli istifadəsi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün təməl prinsiplərdən hesab olunur. Enerjidən səmərəsiz istifadə yeni istehsal güclərinin yaradılmasına tələbatı artırmaqla yanaşı, ətraf mühitə atılan tullantıların artmasına, enerji dayanıqlılığının pozulmasına, iqtisadiyyatda rəqabət qabiliyyətinin azalmasına, məhsulların, xidmətlərin qiymətinin yüksəlməsinə, istehlakçıların enerjiyə sərf etdiyi xərclərin artmasına səbəb olur.

Enerji səmərəliliyi müxtəlif alətlərin tətbiqi vasitəsilə sənayedə, kommersiya xidmətləri və kənd təsərrüfatında enerji resurslarına qənaət edilməsinə və nəticədə məhsulun (işin, xidmətin) hər vahidinə istehlak edilən enerjinin miqdarının azaldılmasına və nəticədə iqtisadi inkişafa, rəqabət qabiliyyətinin artmasına səbəb olur. Ev təsərrüflarında və binalarda enerji səmərəliliyi üçün enerji səmərəli məişət cihazlarının istifadəsi, binaların izolyasiyası və digər tədbirlər həyata keçirilməklə enerjiyə sərf edilən xərclərin azaldılmasına şərait yaradılır. Eyni zamanda, binalarda və enerji istehlakına təsir edən cihazlarda yeniləşmələr istehlakçılar üçün rahatlıq və sağlamlıq əsas alınmaqla aparılır ki, bu da öz-özlüyündə səmərəliliyin daha bir faydasını təmin edir.

1996-cı ildə “Enerji resurslarından istifadə haqqında” Qanun qəbul edilsə də, müvafiq alt qanunvericilik aktlarının işlənməməsi, habelə mütərəqqi tələblərə cavab vermədiyi üçün enerji səmərəliliyi sahəsində lazımi nəticələr əldə etmək mümkün olmamışdır. Yeni qanun layihəsi mütərəqqi alətləri ehtiva etdiyi üçün bu sahədə boşluq aradan qalxmasına yardımçı olacaqdır.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu Avropa İttifaqının “EU4energy” proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə Energetika Nazirliyi tərəfindən hazırlanmışdır.

Bu Qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

Bu Qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətlərə və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.

Qanun layihəsi 8 fəsil, 23 maddədən ibarətdir, özündə ümumi müddəaları, müvafiq sahədə dövlət siyasətini, enerji auditi, enerji menecment sistemləri və enerji idarəçisi (meneceri) kimi mütərəqqi enerji səmərəliliyi alətlərini, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqini, istehlak olunan enerjinin hesablanması və istehlakçıların məlumatlandırılmasını, enerji effektivliyi üzrə tədbirləri, maarifləndirmə, elmi-texniki təminat və beynəlxalq əməkdaşlıq kimi yekun müddəaları da özündə ehtiva edir.

Qanun layihəsində ölkəmizdə ilk dəfə tətbiq olunacaq enerji səmərəliliyi layihələrinə xüsusi yer verilmişdir və eyni zamanda qanun layihəsində enerji effektivliyi üzrə fondun yaradılması və fond vasitəsilə enerji effektivliyi tədbirlərinin dəstəklənməsi məsələsi yer almışdır.

Qanun layihəsində nəzərdə tutulan Enerji səmərəliliyinin faydaları haqqında əlavə məlumat vermək istərdim. Belə ki, bu qanunun qəbul edilməsi

- təhlükəsizlik baxımdan: enerji və ekoloji təhlükəsizliyin qorunması, yeni istehsal güclərinin yaradılmasına tələbatın azalmasına;

- makroiqtisadi baxımdan: ÜDM-in artması və iqtisadiyyatın enerji tutumunun azalmasına;

- məhsuldarlıq baxımdan: aktivlərin dəyərinin, sənaye məhsuldarlığının və məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artmasına;

- sosial baxımdan: yoxsulluğun azaldılması, işsizliyin azalması və ev təsərrüfatlarının mövcud gəlirlərinin artmasına;

- sağlamlıq baxımdan : havanın çirklənməsinin azaldılması, daxili rahatlığın artırılması,vətəndaşların sağlamlığının və rifahının yaxşılaşdırılmasına;

- enerji mənbələri baxımından : milli ehtiyatların gələcək nəsillər üçün səmərəli istifadəsi və qorunmasına şərait yaratmağa, konkret hədəflər müəyyən edilməsinə və ciddi nəticələr əldə olunmasına imkan verəcəkdir.

İstərdim ki, Aİ-nın və digər ölkələrin bu sahə ilə əlaqədar əldə etdiyi və hədəflədiyi bir neçə məlumatı da sizinlə bölüşüm:

Avropa İttifaqı 2012-ci ildə qəbul etdiyi direktivlə 2020-ci ilədək ilkin enerji

istehlakını baza ili (2005-ci il) ilə müqayisədə 20% azaltmağı hədəfləmişdir.

2018-ci ildə isə hədəflər 2030-cu il üçün daha da sərtləşdirilmişdir. Belə ki, 2030-

cu il üçün hədəf baza ili ilə müqayisədə ən az 32,5% azalmanı nəzərdə tutur.

Məsələn,

- İtaliyanın Avropa İttifaqı ölkələrində enerji səmərəliliyi üzrə ən yaxşı

göstəricilərə nail olmuş ölkələrdən biri olaraq 2017-ci ildə Milli Fəaliyyət Planı üzrə götürdüyü hədəfə 52% nail olduğu bildirilir.

-Almaniya 2050-ci ilə qədər enerji istehlakını 2008-ci illə müqayisədə 50% azaltmağı hədəfləyir.

-Kanada 2030-cu ilə qədər enerji istehlakının hər ildə 3% azalmasına öhdəlik götürmüşdür

-Böyük Britaniya dövləti 2018-ci ildə son enerji istehlakı 2000-ci ildəki səviyyədən 15% aşağı düşməsinə nail olmuşdur.

Burada xüsusi ilə qeyd edilməlidir ki, Enerji səmərəliliyi üzrə qənaətin 45%-i ev təsərrüfatlarının, 32 %-i sənayenin, 13% -i nəqliyyatın və 10% -i xidmətlər sektorunun payına düşmüşdür.

Bu məsələlərlə əlaqədar respublikamızda görülən işlərlə bağlı da məlumat vermək istəyirəm.

Bildiyiniz kimi, 3 iyul 2018-ci il tarixdə “Azərbaycan İES” –də baş vermiş qəza nəticəsində Respublikanın enerjisistemi çökdü. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” nin prioritetlərini və elektrik sisteminin yenidən qurulması tələblərini və Azərbaycanın böyüməkdə olan iqtisadiyyatının ehtiyacını həll etmək üçün Respublikanın elektroenergetika sahəsində dünyanın təcrübəli Yaponiyanın “TEPSCO”, Almaniyanın “Fichtner”, “Enerco”, “VPC” kimi dünyada tanınmış şirkətlərinin iştirakı ilə 3 mərhələli “Master Plan”hazırlandı.

“2019-2024-cü illər üzrə reablitasiya, yenidənqurma və dayanıqlı inkişafa dair tədbirlər planına (“Master Plan”) əsasən “Azərenerji” ASC-yə 230 mln. manat vəsait ayrılıb.

“Azərenerji” ASC tərəfindən “Reablitasiya proqramı” çərçivəsində enerjisistem üzrə ilkin olaraq, mövcud generasiya güclərinin etibarlılığının və dayanıqlığının saxlanması istiqamətində işlərin görülməsi və 800 MVt-dan çox itirilmiş generasiya gücləri bərpa olunub, 369 mln. kVts xüsusi sərfiyyata qənaət olunub və 233 mln kVts texniki itkilər azalıb və cəmi elektrik enerisinin qənaəti 602 mln. kVts təşkil edib.

Bunun nəticəsində 2018-ci ilə müqayisədə 2019-2020 və 2021-ci ilin 5 ayı ərzində 21.2 qram şərti yanacağa qənaət olunub ki, bu da 564,4 mln. kub metr təbi qaz ekvivalentinə bərabərdir.

Görülmüş bu tədbirlər nəticəsində 85,2 mln. manat vəsaitə qənaət olunub ki, bu işlər nəticəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasının istismar müddəti 20 il artırılıb. Bu da Mingəçevir şəhərinin sosial və iqtisadi inkişafına, işsizliyin aradan qaldırılmasına müsbət təsir göstərib.

Eyni zamanda qoyulmuş investisayarın 2 il yarım müddətində qaytarılması təmin olunacaqdır.

Hörmətli millət vəkilləri!

Hesab edirəm ki, 1-ci oxunuşun tələblərinə uyğun olaraq Qanun layihəsi barədə lazımi məlumatları sizlərin diqqətinə çatdıra bildim.

Qanunun müasir Azərbaycan üçün, onun enerji sektoru üçün vacibliyini nəzərə alaraq sənədə 1-ci oxunuşda səs verməyinizi xahiş edirəm.

Diqqətinizə görə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə