NDU-da külək və günəş hibrid qida qurğusu qurulub

Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsində külək və günəş hibrid qida qurğusu istifadəyə verilib. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən SİA-ya bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev son illər ali təhsil ocağının maddi-texniki bazasının daha da gücləndirildiyini bildirib.

Qeyd edib ki, universitetdə yeni korpuslar tikilir, yeni laboratoriya avadanlıqları alınır, tədris və təcrübi kabinələr qurulur. Külək və günəş hibrid qida qurğusunun muxtar respublikada ilk dəfə universitetdə qurulduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, yaradılan qurğu Naxçıvanda bu ixtisas üzrə peşəkar kadrların formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Bu, dövlət dəstəyinin daha bir parlaq nümunəsidir.

Universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Məmmədov diqqətə çatdırıb ki, bu qurğunun burada qurulmasındakı məqsəd təkcə fakültələri elektrik enerjisi ilə təmin etmək yox, eyni zamanda tədris laboratoriyası kimi tətbiq etməkdir.

Dekan qurğunun iş prinsipi haqqında məlumat verərək bildirib ki, külək turbini gövdəsinin hündürlüyü 12 metr, pərləri isə 4 metrdir. Qurğu 10 Kilovolt enerji vermək qabiliyyətinə malikdir. 12 günəş panelinin isə hər biri 280 volt olmaqla 3,3 Kilovolt enerji vermək qabiliyyətinə malikdir. Onun 20 batareyası var. Qurulan günəş batareyası korpusun isti su ilə təmin olunmasında xüsusi rol oynayacaq.

Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının direktoru Mürsəl Səfərov fakültə daxilində yerləşən enerji bloku haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda Universitetin Energetika ixtisası üzrə IV kurs tələbəsi Arif Qurbanov ali təhsil ocağında energetika sahəsində yaradılan şəraitə görə tələbələr adından öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...