Milli Məclis Komitəsinin müvafiq işçi qrupunun iclası keçirilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən Azərbaycan Respublikasının Mülki və Vergi məcəllələrinin, "İpoteka haqqında" və "İcra haqqında" qanunların bəzi müddəalarının tənzimlənməsi məqsədi ilə yaradılmış işçi qrupunun iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iclasda işçi qrupunun üzvləri - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, deputatlardan Mahir Abbaszadə, Vüqar Bayramov, Aydın Hüseynov, ekspertlər qismində dəvət olunmuş Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyəti sədrinin müavini Rəhman Hümmətov iştirak ediblər.

İclasda komitə sədri Tahir Mirkişili çıxış edərək deyib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının adı çəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.

Diqqətə çatdırılıb ki, məsələ ilə bağlı yaradılmış işçi qrupun İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə birgə ilk görüşü olub, müzakirələr aparılıb. Müzakirələr zamanı səsləndirilən təkliflər nəzərə alınaraq, hazırda müvafiq qanunların təkmilləşdirilməsi istiqamətində iş aparılır. Burada məqsəd bu sahədə olan qeyri-müəyyənliyin aradan qaldırılması, o cümlədən vətəndaşların kredit götürdükləri zaman qoyduğu girovun, daşınmaz əmlakın satışının şəffaf, əlçatan olması, bankların toksik aktivlərdən azad olunmasına dəstək olmaqdır.

İclasda iştirak edən Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyəti sədrinin müavini Rəhman Hümmətov məsələ ilə bağlı fikirlərini bildiriblər. Ekspertlər ipoteka kreditlərinin götürülməsi, əmlakın girov qoyulması, mülkiyyətin qiymətləndirilməsi, qiymətləndiricinin səlahiyyətləri, bank əməliyyatları zamanı yaranan mübahisəli məsələlər və onların həlli yolları, bir sıra digər məqamlar barədə açıqlamalar veriblər. Müzakirələr zamanı deputatları narahat edən məsələlərə aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə