Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycanda 2020-ci ilin yanvar-avqust ayları ərzində 25,1 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz çoxdur. SİA Energetika Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, qaz hasilatının 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarında (AÇG), 12,3 milyard kubmetri isə “Şahdəniz” yatağından əldə edilib və SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.

Eyni zamanda, cari ilin 8 ayı ərzində qaz ixracı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Bu ilin yanvar-avqust aylarında Türkiyəyə 7,2 milyard kubmetr, yəni, 25,3 faiz çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 milyard kubmetr olub. Qeyd edək ki, TANAP qaz kəməri ilə Türkiyəyə bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.

Ümumiyyətlə, TANAP kəməri istifadəyə veriləndən, yəni 2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin sentyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,7 milyard kubmetr qaz nəql edilib.

Məlumata əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycanda kondensatla birlikdə 23,2 milyon ton neft hasil edilib. Ümumi hasilatın 16 milyon tonu “Azəri -Çıraq-Günəşli” yataqlarının, 2,4 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Bu ilin ilk səkkiz ayında kondensatla birlikdə 19,2 milyon ton neft ixrac olunub.

Onu da qeyd edək ki, ölkədə neft emalı 2020-ci ilin 8 ayı ərzində 4 milyon ton təşkil edib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 sentyabr tarixinədək ümumilikdə kondensatla birlikdə 545,5 milyon ton neft hasil edilib və kondensatla birlikdə 544,9 milyon ton neft ixrac edilib.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 172,8 milyard kubmetr, “Şahdəniz”dən isə 129,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 milyard kubmetr qaz ixrac edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...