“Dövlət yerli istehsalçıları və ixracatçıları tam dəstəkləyir” - “NB QRUP” ASC-nin baş direktoru

“Azərbaycanda dövlət yerli istehsalçıları və ixracatçıları tam dəstəkləyir. Hazırda istehsalçılar və ixracatçılar üçün bütün zəruri şərait yaradılıb. Sahibkarlığın inkişafı üçün hökumət müxtəlif tədbirlər həyata keçirir, biznesə güzəştlər tətbiq olunur, qanunvericilik müasirləşdirilir və genişmiqyaslı islahatlar keçirilir”. Bu fikirləri “NB QRUP” ASC-nin baş direktoru Fərrux Qasımov prezident İlham Əliyevin sentyabrın 14-də Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı nitqinə münasibət bildirərkən deyib.

F.Qasımov bildirib ki, ölkədə sənaye parkları və məhəllələri, aqroparklar və yüksək texnologiya parkları fəaliyyət göstərir: “Bundan başqa, yerli istehsalçıların dəstəyi üçün hökumət ixrac missiyaları təşkil edir və digər tədbirlər həyata keçirir. Bundan ruhlanan “NB QRUP” ASC-nin kollektivi xaricdən idxal edilən məhsulların hazırkı iqtisadi vəziyyətdə bazar payının azaldılması, onları yüksək keyfiyyətli və daha ucuz, rəqabətədavamlı yerli istehsalımız olan məhsullarla əvəz edərək, ixrac potensialını gücləndirmək üçün məqsədyönlü və ardıcıl iş aparır”.

“NB QRUP” ASC-nin baş direktoru həmçinin qeyd edib ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb: “Bu strategiyanı rəhbər tutaraq, prezident İlham Əliyevin yerli istehsalçılara göstərdiyi diqqət və qayğısı nəticəsində “NB QRUP” Açıq Səhmdar Cəmiyyətinin əsası 2004-cü ildə qoyulub. Hazırkı vaxtda müəssisədə Xəzər və ətraf rayonların 500 nəfərdən artıq sakini işlə təmin edilib. Kimya Sənayesi sahəsində fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir. Müəssisəmizdə məhsul istehsalında dünyanın müxtəlif ölkələrindən gətirilən xammallarla yanaşı yerli xammallardan da istifadə olunur. Məqsədimiz xaricdən idxal edilən məhsulların hazırkı iqtisadi vəziyyətdə bazar payının azaldılması, onları yüksək keyfiyyətli və daha ucuz, rəqabətədavamlı yerli istehsalımız olan məhsullarla əvəz edərək, ixrac potensialını gücləndirmək, Azərbaycan brendləri formalaşdıraraq müştərilərin tələblərinə cavab vermək, bu istiqamətdə ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən biri olmaqdır.

Kompleks şəkildə aparılan işlər bazara çıxardığımız malların keyfiyyətində də, öz əksini tapdığı üçün elə ilk günlərdən alıcıların rəğbətini qazanmışdır. “Azpol”, “Bermuda”,“Corella”, Vavilon”, “Muflon” və “Alev” kimi ticarət markalı müxtəlif məhsullarımızın daimi istifadəçiləri arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji”, “Azəravtoyolservis” ASC, “Azərkörpü”, “Azinko”, “Məkan”, “İqlim” Elmi-İstehsalat Müəssisəsi, “Baku Steel Kompany” MMC, “Azersun Holding” və bir sıra başqa şirkətlər var”.

F.Qasımov sonda vurğulayıb ki, “NB QRUP” ASC yuxarıda qeyd olunan bütün nailiyyətlərə dövlətin, İlham Əliyevin sahibkarlara verdiyi dəstək və yaradılmış şərait nəticəsində nail olub.

“NB QRUP” ASC-nin kollektivi əmindir ki, prezidentin yerli istehsalçılara göstərdiyi diqqət və qayğı nəticəsində dövlətin iqtisadi inkişafı bundan sonra da yüksək səviyyədə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə