Məsuliyyətli kreditləşmə siyasəti nədir? MÜSAHİBƏ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov məsuliyyətli kreditləşmə siyasəti, kredit hesabatlılıq sistemlərinin tətbiqi və maarifləndirmə tədbirləri aspektində suallara cavab verib. SİA müsahibəni təqdim edir:

- Ayaz müəllim, ilk öncə ondan başlayaq ki, məsuliyyətli kreditləşmə siyasəti nədir və əsas mahiyyəti nədən ibarətdir ?

Məsuliyyətli kreditləşmə siyasəti istehlakçıların həddən artıq borclanmasının qarşısının alınmasına yönəldilmiş kompleks siyasət tədbirlərini özündə ehtiva edən metodoloji bazisdir. Məsuliyyətli kreditləşmə siyasətinə maraqlar münaqişəsinin qarşısının alınması, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit vəsaitinin təyinata uyğunluğunun qiymətləndirilməsi, qiymətləndirmənin nəticəsinin istehlakçılara açıqlanması, qeyri-akdevat halların qarşısının alınması kimi geniş spektrli mexanizm və prosedurlar daxildir. Ancaq bu siyasətin mahiyyətini başa düşmək üçün məsuliyyətli kreditləşmə siyasətinə bir neçə aspektdən baxmaq lazımdır. Kredit təşkilatları üzrə bu siyasət, istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı mövcud imkan və resurslar nəzərə alınmaqla, yəni borcalanların ödəniş qabiliyyəti təhlil etməklə kredit risklərinin mitigasiya edilməsi və sağlam kredit portfelinin formalaşdırılması, vətəndaşlar və ya bank müştəriləri üzrə borcalan və zaminlərə məsuliyyətli borclanma vərdişlərinin aşılanması vasitəsilə həddən artıq (izafi) borclanmanın qarşısının alınması, makroiqtisadi baxımından sistematik risklərin artmasına imkan verməməklə maliyyə sabitliyinin qorunub saxlanması, bank sisteminə olan ictimai etimadın yüksəldilməsindən ibarətdir.

- Bəs, beynəlxalq təcrübədə məsuliyyətli kreditləşmənin əsas institusional təsir alətləri nədən ibarətdir?

Beynəlxalq qabaqcıl təcrübədə kredit hesabatlılıq sistemləri (KHS) tərəfindən təqdim olunan xidmətlər bu siyasətin əsas alətləri rolunu oynayır. Burada tətbiq olunan ən standard xidmət kredit tarixçəsinin təqdim olunması üzrə xidmətlər hesab olunur. Kredit tarixçəsi subyektin cari tarixə kredit öhdəlikləri və həmin öhdəlikləri necə icra etdiyi barədə məlumatları əks etdirən standard hesabat formasıdır. Bundan əlavə neqativ kredit hesabatları mövcuddur ki, bu da yalnız neqativ məlumatların əks olunduğu hesabatdır. Bu hesabat forması kredit məlumatlarını daha yığcam və müxtəsər əks etdirir və neqativ kredit hesabatı üzrə reyestrlərdə yalnız mənfi tarixçəyə malik şəxslərin məlumatları saxlanılır. Əlbəttə ki, mənfi kreditlər üzrə məlumat bazasında adı olan şəxsin kredit resurslarına çıxışı da məhdud səviyyədə olur. Bu isə, kredit təşkilatlarına problemli kredit portfellərinin həcmini sabit saxlamağa əlavə imkanlar yaradır. Nəticədə, borcalanları da borc intizamına daha ciddi riayət etməyə təşviq edir.

- Qabaqcıl təcrübədə məsuliyyətli kreditləşmə mədəniyyətinin tərkib hissəsi hesab etdiyimiz KHS-lərin təqdim etdiyi əsas xidmətlər hansılardır?

KHS-lərin təqdim etdiyi ən populyar xidmətləri fərdi kredit reytinqinin verilməsi, yəni skorinq xidmətidir. Hansı ki, riyazi-statistik metodlara əsaslanmaqla, müştərinin krediti geri ödəmə imkanlarını cari kredit tarixçəsi əsasında qiymətləndirən sistemdir. İnkişaf etmiş ölkələrin təcrübəsində skorinqin hesablanmasında standard göstəricilərə (kredit tranzaksiyaları, ödəniş davranışı tərzi, şəxs haqqında sorğular və s.) əlavə olaraq bəzi hallarda digər məlumatları da daxil edilir. Örnək olaraq, üçüncü tərəflərin məlumatları (məhkəmə qərarları, müflislik məlumatları və s.), demoqrafik göstəriciləri (yaş və s.) göstərə bilərik. Məsuliyyətli kreditləşmə siyasətinə mühüm təsir göstərə biləcək digər bir mühüm xidmət isə müqayisəli parametrləmə, yəni bençmarking hesab olunur. Bu isə kredit tarixçələri əsasında formalaşan və kredit təşkilatının kredit portfelinin göstəricilərini digər kredit təşkilatları və maliyyə bazarlarındakı ümumi vəziyyətlə müqayisə edən statistik hesabat formasıdır.

- Sadalanan xidmətlərin, daha dəqiq desək, skorinq və bençmarking xidmətlərinin məsuliyyətli kreditləşmə siyasətinə necə töhfə verə bilər?

Əlbəttə ki, beynəlxalq standartlara uyğun skorinq modelinə malik olan və həmin xidmətə çıxış əldə etmiş kredit təşkilatının kreditlər üzrə sərf etdiyi əməliyyat xərcinin həcmi digərləri ilə müqayisədə daha az olur. Bu isə borcalan və ya zaminin kreditalma qabiliyyətinin qiymətləndirilməsi zamanı sərf olunan məsrəflərin (xüsusilə də, insan resursları üzrə) azalması ilə bağlıdır. Eyni zamanda, kreditləşmə prosesi sınaqdan keçirilmiş model əsasında aparılırsa bankın "səhv müştəriyə" "təsadüfən" və ya "qəsdən" kredit resursu ayırması ehtimalı da azalır. Bu isə son nəticədə qeyri-işlək kredit portelinin ümumi portfeldə çəkisinin azalmasına müsbət fonda tətikləyici təsir göstərir. Əlbəttə, bizə məlumdur ki, aşağı qeyri-işlək kredit portfeli bank üçün aşağı kredit xərci deməkdir və bank əldə etdiyi bu müsbət marjanı müştərilərin xeyrinə faiz və komissiyalar üzrə güzəştlərin edilməsi baxımından istifadə edə bilər. Hansı ki, artıq qabaqcıl KHS mədəniyyətinə malik inkişaf etmiş ölkələrdə bu praktika geniş formada realizasiya edilir. Bençmarking isə kredit təşkilatlarının kredit borclarının yığılması ilə bağlı idarəetmə və performansını seçilmiş qruplarla və ümumi bazarla müqayisədə potensial risklər baxımından qiymətləndirməyə, eyni zamanda kredit siyasətini optimallaşdırmağa imkan verir. Göründüyü kimi, bu xidmətin bazar mövqeyi üzrə gücün əldə edilməsindən əlavə yaratdığı mühüm bir dəyər də bank üçün daha optimal kredit portfelinin və siyasətinin formalaşdırılması, son nəticədə isə borcalanlarla daha sağlam kreditor-borcalan münasibətlərinin qurulmasıdır.

- İnstitusional baxımından məsuliyyətli kreditləşmə siyasətinə, xüsusilə də bankların əməliyyat şəraiti baxımından təsir edə biləcək hansı yeni alətlər mövcuddur?

Bu cür alətlərdən avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərini xüsusi qeyd etmək mümkündür, hansı ki, bank sistemində kredit prosedurlarına geniş tətbiqi bir neçə baxımından öz müsbət nəticəsini göstərə bilər. Əvvəla, bu sistemlərinin ən əsas özəlliyi əməliyyatların bank terminologiyası ilə ifadə etsək, "anında" icra edilməsi, risklərin mitigasiyası, insan amilindən və səhvlərindən asılılığın minimizə edilməsi, resurs sərfiyyatının azaldılmasıdır. Belə ki, bu sistemlər kredit institutlarına qısa zaman ərzində kredit analizi, avtomatlaşdırılmış anderraytinq prosesi və digər məlumat bazaları ilə optimal məlumat mübadiləsi imkanı verən sistemlərdir. Bu xidmətlərin ən mühüm növlərindən biri kimi az öncə qeyd etdiyimiz skorinq xidmətini örnək göstərə bilərik. Digər mühüm bir nümunə kimi isə portfel monitorinq xidmətini göstərmək olar, hansı ki, bu kreditora cari borcalanın kredit tarixçəsində digər məlumat təchizatçıları tərəfindən hər hansı dəyişiklik edilən kimi (yeni kreditin verilməsi, yeni sorğu, borcalanın digər problemli kreditlərinin ödənilməsi və s.) məlumat ötürmə sistemidir. Bu isə banka kredit prosedurlarına operativ reaksiya vermək imkanı yaratmış olur ki, son nəticədə də kredit resurslarının gecikdirilməsindən kredit şərtlərinin digər müştərilər üçün ağırlaşdırılmasına qədər geniş bir "neqativ dəyər zənciri"nə pərçimləyici təsir göstərmiş olur.

- Bəs borcalanlar kredit alınması zamanı nələrə diqqət etməlidirlər?

Əvvəla, istənilən kredit məsələləri borcalanla bank arasında imzalanan kredit müqaviləsi əsasında tənzimlənir. Odur ki, kredit resursları əldə olunarkən müqavilənin bütün detalları ilə ətraflı tanış olunması, kreditin şərtləri, yəni kreditin məbləği, müddəti, kredit müddətindən asılı olmayaraq illik faizi, komisyon haqları (əgər nəzərdə tutulursa), bank tərəfindən tələb olunan digər ödənişlər ilə bağlı bank əməkdaşından izah istənilməsi tövsiyə olunur. Xüsusilə də, bu istiqamətdə son illərdə strateji yol xəritələrinin icrası çərçivəsində hazırlanmış xüsusi elektron məlumatladırma portallarının məlumatlarından istifadə edilməsi faydalı hesab olunur. Eyni zamanda kredit tarixçəsinə mütəmadi əsaslarla nəzarət olunması və kredit tarixçəsinin pozitiv saxlanılması tövsiyə olunur. Ən azından ölkədə KHS mədəniyyətinin artırılması istiqamətində atılmış addımlar qarşıdakı illərdə "müsbət kredit reputasiyası" anlayışını daha da əhəmiyyətli edəcəkdir. Təsadüfi deyildir ki, inkişaf etmiş maliyyə mexanizmlərində kiçik həcmli istehlak kreditlərinin verilməsində qərarlar gəlirlərin qiymətləndirilməsinə deyil, daha çox xərclərin, dolayısı ilə borcların hesablanması metoduna əsaslanır. Belə ki, maliyyə intizamını pozan şəxslərin istənilən sahədə iş qurmaq və maliyyə əməliyyatı həyata keçirmək potensialı (kirayə mənzil bazarından ağır sənaye sahələrinədək) minimuma enir. Yəni, yeni KHS mexanizmlərinin gələcəkdə borcalanları daha intizamlı davranmağa, borclarını qrafik üzrə qaytarmağa, kreditorları isə daha güzəştli kredit şərtləri təklif etməyə təşviq edəcək kredit ekosistemi formalaşdıracağı gözləniləndir.

7. Məsuliyyətli kreditləşmə siyasətinin təşviqi isqamətində hazırda hansı tədbirlər görülür?

Əvvəla, ölkədə artıq bu istiqamətdə KHS-lərin mühüm institusional təsisatlarından sayılan kredit büro və reyestrləri, daşınar əmlakın yüklülüyü reyestrlərinin fəaliyyətə başlamasına nail olunmuşdur. Eyni zamanda müvafiq dövlət proqramları və strateji yol xəritələrinin icrası çərçivəsində də müvafiq istiqamətdə maarifləndirmə və digər tədbirlər icra edilmişdir. Hazırda da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzi arasında hazırlanmış tədbirlər planı çərçivəsində məsuliyyətli kreditləşmənin təşviqi istiqamətində tədbirlər icra edilməkdədir. Pandemiyanın təsiri ilə tədbirlərin planlaşdırılan formada, yəni fiziki görüşlərin keçirilməsi formasında deyil, onlayn platformaların imkanlarından istifadə edilməklə icrası davam etdirilir. Qeyd edim ki, tədbirlər planının icrası çərçivəsində məsuliyyətli kreditləşməyə aid onlayn təlim modulu hazırlanmış, "Əhalinin kreditlər üzrə izafi borclarının qarşısının alınması üçün maarifləndirmə tədbirləri" çərçivəsində jurnalistlər, QHT nümayəndələri və sahibkarlıq subyektləri üzrə, eyni zamanda kredit təşkilatlarında çalışan rəhbər vəzifəli əməkdaşlar üçün "Əhalinin izafi borclanmasının yaradacağı mümkün risklərin idarə olunması" ilə bağlı təlimlər təşkil olunmuşdur. Əlavə olaraq ayrı-ayrılıqda məsuliyyətli kreditləşmə siyasəti barədə onlayn platformalar üzərindən təlimlər keçirilmiş, "kredit potensialının hesablanması", "istehlak kreditləri: ödənişlərin xüsusiyyətləri", "asan kredit: alım, ya qalım?", "zaminin hüquq və öhdəlikləri" kimi mövzularda maarifləndirici bröşürlər hazırlanmış, sosial şəbəkələrdə yayımlanmışdır. Bundan əlavə məsuliyyətli kreditləşmə, kredit məhsullarının əsas xüsusiyyətləri barədə tv verilişlərdə maarifləndirmə və təbliğat işləri üzrə xüsusi proqramlar təşkil edilmiş, sosial şəbəkələrdə maarifləndirmə işləri aparılmış, ekspertlərin də iştirakı ilə geniş müsahibələr təşkil edilmişdir və layihənin icrası davam etdirilməkdədir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə