"Bunlar birbaşa ölkəmizin inkişafına, tərəqqisinə xidmət edir" ÖZƏL - AÇIQLAMA

"Dünyanın ən məşhur 10 "yaşıl" şirkətindən olan adıçəkilən şirkətlə əməkdaşlıq və onun daha da inkişaf etdirilməsi yeni texnolgiyaların mənimsənilməsi və onlardan istifadə edilməsində çox mühüm və vacib addımlardandır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva deyib.

Millət vəkili bildirib ki, ölkəmiz hər zaman yeniliklərə, qabaqcıl, müasir texnologiyalara açıq olub:

"Bunu son 17 il ildə aparılan işlər, atılan addımlar bir daha sübut edir. Bu da heç şübhəsiz ki, təsadüfi deyil. Dövlət başçısı cənab İlham Əliyev hər zaman çıxışlarında qara qızıldan, neft kapitalından insan kapitalına keçidin zəruriliyini vurğulayıb, bəyan edib və bu istiqamətdə də çoxsaylı qərarlara-Fərman və Sərəncamlara, Dövlət Proqramlarına imza atıb. Çünki bu gün dünyanın ən qabaqcıl ölkələri məhz insan kapitalına keçid edilməsi, ona önəm verilməsi sayəsində bu səviyyəyə gəlib çatıblar. Bunlara misal olaraq, 70-80-ci illərə qədər dünyanın geridə qalmış olan ölkələrindn sayılan Sinqapuru, Malayziyanı, Cənubi Koreyanı və sairi göstərmək olar. Bu gün həmin ölkələr dünyanın ən yüksək inkişaf etmiş və ən modern texnologiyalara malik olan ölkələrindən sayılırlar. Ölkəmiz də məhz bu yolu tutub, insan kapitalına önəm verən, yüksək texnologiyaların istehsalçısı, istehlakçısı, istifadəçisi olan ölkələrdən biri olmaq yolunda böyük addımlarla addımlamaqdadır. Bunu ölkə Prezidentinin mayın 22-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransdan əyani şəkildə görmək olar. Dünyanın ən məşhur 10 "yaşıl" şirkətindən olan adıçəkilən şirkətlə əməkdaşlıq və onun daha da inkişaf etdirilməsi yeni texnolgiyaların mənimsənilməsi və onlardan istifadə edilməsində çox mühüm və vacib addımlardandır. Belə ki, həmin şirkətlə əməkdaşlıq nəticəsində Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Bunun da nəticəsi olaraq, qənaət göstəricisi minimum 50 faiz təşkil edəcək".

Kamilə Əliyeva vurğulayıb ki, ölkə Prezidentinin də müzakirələr zamanı qeyd etdiyi kimi, bu birinci layihədən sonra birgə fəaliyyətin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlar var:

"Həmin planlara əsasən birinci mərhələdə böyük şəhərlər əhatə olunacaq. "Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq"-deyərək, dövlət başçısı Azərbaycanın bu cür əməkdaşlıqlarda bir daha maraqlı olduğunu bildirdi. Daha sonra "Sizin şirkətiniz bu sahədə dünyada aparıcı şirkətlərdən biridir. Ona görə də nə qədər çox yeni texnologiya ixtira etsəniz, birgə əməkdaşlığımız üçün bir o qədər çox imkan yaranacaq"-deyən Azərbaycan Prezidenti ölkəmizin yeniliklərə, yeni texnologiyalara tam açıq olduğunu söylədi və qeyd etdi ki, bunun özü də nəticə etibarı ilə dinamizmə, tərəqqiyə, insanların rifahına gətirib çıxarır. Odur ki, ölkəmizin, dövlət başçımızın bu yöndəki addımları da təqdirə və alqışa layiqdir. Bunlar birbaşa ölkəmizin inkişafına, tərəqqisinə xidmət edir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...