"Azərbaycan korrupsiya ilə mübarizədə qətiyyətli və israrlıdır" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan korrupsiya ilə mübarizədə qətiyyətli və israrlıdır" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan korrupsiya ilə mübarizədə qətiyyətli və israrlıdır". Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, aparılan islahatlar şəffaflığın və hesablılığın güclənməsinə səbəb olur: "Azərbaycanda müasir dövlət quruculuğu strategiyası uğurla davam etdirilməkdədir. Prezident İlham Əliyevin müdrik və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsinə, yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılmasına və korrupsiya yaradan halların aradan qaldırılmasına güclü zəmin yaradıb. Bu gün inkişaf edən Azərbaycanın demokratik idarəçiliyinin bütün sahələrində şəffaflıq təmin edilir. Təəssüf ki, bir sıra hallarda dövlətin bu iradəsinə qarşı çıxan, siyasi və iqtisadi islahatlara xəyanət edən insanlara da rast gəlinir. Ancaq onların bu əməlləri tez bir zamanda ifşa edilir və onlar layiqli cəzalarını alırlar".

Millət vəkili son dövrlərdə ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülən ardıcıl və qətiyyətli tədbirləri şərh edərkən qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən bütün dövlət orqanlarının əməkdaşlarına, icra qurumlarının rəhbərlərinə çox açıq və konkret mesajlar, tapşırıqlar verilib: "Dövlətimizin başçısı bütün dövlət məmurlarını xəbərdar edir ki, öz işində düzəlişlər etsin, işinin müasir şəffaf idarəçiliyin tələblərinə uyğun qursun, əgər bunu bacarmırsa, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Ancaq əfsuslar ki, bəzi icra orqanları üçün bu dərs olmadı və nəticə də göz qabağındadır. Ona görə də, artıq korrupsiya halları ilə mübarizənin qarşısıalınmaz bir prosesə çevrilməsi onu göstərir ki, Azərbaycan hakimiyyəti ən demokratik meyarları, şəffaflıq prinsiplərini gücləndirməkdə qətiyyətli və israrlıdır".

Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələrinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini əlavə edən Aydın Hüseynov vurğulayıb ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir: "İslahatlar ölkəmizi gücləndirir və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndirir. Eyni zamanda, aparılan çoxşaxəli islahatlar şəffaflığın təmin olunmasına, dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına imkan yaradır. Həmin vəsaitlər isə Cənab Prezidentin qeyd etdiyi kimi yürüdülən siyasətimin mərkəzində dayanan Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönəldilir. Azərbaycan iqtisadiyyat gücləndikcə əhalinin müdafiəsi və təminatı da güclənir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə