"Ölkədə mövcud makroiqtisadi göstəricilər kifayət qədər dayanıqlıdır" RƏY-ÖZƏL

"Ölkədə mövcud makroiqtisadi göstəricilər kifayət qədər dayanıqlıdır" RƏY-ÖZƏL

“Dünyanı cənginə alan koronavirus epidemiyasının heç 6 ay deyil davam etməsinə baxmayaraq, artıq 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Bu, dünya ölkələrinin yarısından çoxu deməkdir. Lakin ölkəmizin adı Beynəlxalq Valyuta Fondu (BFV) və Dünya Bankına (DB) müraciət edənlərin sırasında yoxdur, olacağı da gözlənilmir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, bunda həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynayır, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar az əhəmiyyət daşımır, həm də xüsusən, 2 il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən başlanılan islahatlar mühüm təsirə malikdir.

Ekspert söyləyib ki, ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair video-konfrans şəklində keçirilən müşavirədə Prezident İlham Əliyev də qeyd etdi ki, bu vəziyyətdən şərəflə çıxdıqdan sonra atılan bütün addımların düşünülmüş və xalqımızın, dövlətimizin maraqlarına uyğun olduğu bir daha sübuta yetəcək: “Hazırda dövlət başçımızın bu ilin martın 19-u tarixində imzaladığı sərəncama əsasən, böyük dəstək paketi həyata keçirilir ki, bu da hələlik ÜDM-in 4 faizindən çoxdur”.

P. Heydərov vurğulayıb ki, cari ilin dövlət büdcəmizin həcmi Azərbaycanın müstəqillik tarixində ən böyükdür: “ Ancaq bunu keçən ilin axırında bu cür qürurla bəyan etdiyimiz vaxt heç ağlımıza da gətirə bilməzdik ki, başımıza belə işlər gələcək. Bir sözlə, nicatımız öz əlimizdədir. Sahibkarlarımız da dövlətə dəstək olarsa, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı bizim qapını döyəcək, biz onların yox”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə