"Qabaqlayıcı tədbirlər sahibkarlara böyük dəstək olacaq” EKSPERT RƏYİ-ÖZƏL

“Hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

O bildirib ki, Azərbaycan dövləti tərəfindən sahibkarlar və biznes strukturlarını nəzərdə tutan dəstək proqramı bir neçə istiqaməti əhatə edir: “Birinci proqram əsasən muzdlu işçiləri əhatə edir. Ümumiyyətlə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq 12-yə yaxın sahə müəyyənləşdirib ki, həmin sahələr həyata keçirilən tədbirlərdən birbaşa təsirə məruz qalır. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir”.

İqtisadçı söyləyib ki, birinci proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir: “Bildiyiniz kimi bu müəssisələrin əmək haqqı fondu var ki, məhz həmin fondun 50 faizini dövlət ödəyəcək. Azərbaycanda orta əmək haqqı meyarı 712 manatdır. Bu o deməkdir ki, onun yarısını dövlət ödəyəcək. Bu da sahibkarların çətin məqamda yükünün azaldılmasına xidmət edəcək”.

R.Atakişiyev vurğulayıb ki, dəstək prorqamında sahibkarlar və biznes strukturları üçün digər kredit faizlərinin dövlət tərəfindən ödənilməsi, ipoteka kreditlərinə dəstək verilməsi kimi jməsələlər də öz əksini tapıb: “Bu da koronvirus dövründə sahibkarlıq subyektlərinin dayanıqlığının təmin edilməsinə xidmət edir. Burada əsasən də tikinti sektorunun koronovirusdan sonrakı inkişafını təmin etməklə bağlı bir sıra məsələlər öz əksini tapıb. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Bu baxımdan sahənin canlanması ölkə üçün çox vacibdir”.

Ekspert qeyd edib ki, Azərbaycan dövləti tərəfindən dəstək proqramlarının həyata keçirilməsində əsas məqsəd dünyada koronavirusla bağlı gedən proseslərin ölkələrin iqtisadiyyatlarına vurduğu zərbələrin Azərbaycan iqtisadiyyatına az təsir etməsidir: “Dünyada, eləcə də ölkəmizdə pandemiya ilə bağlı görülən tədbirlər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Lakin pandemiyanın nə qədər davam edəcəyini bilmədiyimiz üçün bu cür qabaqlayıcı tədbirlərin görülməsi düşünürəm ki, həm sahibkarlar, həm də ümumilikdə ölkə iqtisadiyyatına böyük dəstək olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...