"İnanıram ki, sahibkarlarımız dəstək proqramlarından səmərəli istifadə edəcəklər" Samir Hümbətov

"Bilirsiniz ki cənab Prezidentin müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə ilk olaraq 1 milyard manat ayrılıb. Dövlət dəstək proqramlarında nəzərdə tutulan digər 1.5 milyard manat maliyyə həcmi iki istiqamət üçün nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bu fikirləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətov deyib.

O bildirib ki, 9-10 mart tarixinə qədər kredit alan sahibkarlıq, biznes subyektlərinə, zərər çəkmişlərə müvafiq dəstək proqramlarının həyata keçirilməsi nəzərdə tutulur ki, burada sahibkarların həmin kreditlər üzrə formalaşan faizin 10 faiz bəndi hissəsi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına ödəniləcək, subsidiyalaşdırılacaq: "Hazırda biznes kreditlərində illik orta faiz dərəcələri 11-15 faiz civarında olduğunu nəzərə alsaq, deyə bilərik ki, bu addım böyük dəstək tədbiri olaraq irəli sürülüb".

Qurum rəsmisi söyləyib ki, digər mühüm dəstək tədbiri olaraq zərərçəkmiş sahələrin bundan sonrakı fəaliyyətləri üçün dövlət zəmanətlərinin verilməsidir: "Bu 500 milyon manatlıq portfeli əhatə edir. Yən dövlət ümumilikdə nəzərdə tutulan 500 milyon manatlıq kredit portfeli üçün 300 milyon manatlıq zəmanət məbləği nəzərdə tutur. Bu da hər bir biznes subyekti üçün həmin vəsaitləri əldə edikləri zaman 60 faiz həcmində zəmanətlərin verilməsini özündə ehtiva edir. Onlar üçün illik faiz dərəcəsinin 15 faizdən yuxarı olmaması, kreditlərin müddəti 3 ilə qədər olması nəzərdə tutulub. Burada dövlət digər alətdən istifadə edərək 15 faizə qədər olan hissənin yarısını dövlət büdcəsi hesabına subsidilaşdırması nəzərdə tutulub".

S. Hümbətov vurğulayıb ki, dövlət tərəfindən sahibkarlar üçün nəzərdə tutulan dəstək tədbirlərində biznes subyektləri üçün vergi güzəştləri, vergi tətilləri və icarə haqları ilə bağlı hazırda işlər aparılır: "Yaxın zamanda bununla bağlı məsələlər də ictimaiyyətə geniş şəkildə təqdim olunacaq.Artıq bununla bağlı məsələlər yekunlaşmaq üzrədir. Müəyyən detallar müvafiq strukturlarla razılaşdırıldıqdan sonra daha ətraflı məlumat əldə olunacaq. Hesab edirəm ki sahibkarlar öz biznes fəaliyyətlərini genişləndirmək üçün onlar üçün nəzərdə tutulan dəstək proqramından səmərəli istifadə edəcəklər"

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə