Nazim Məmmədov: “Azərbaycan da gələcəkdə neft tranziti ölkəsi olaraq tranzit qiymətlərinin normal səviyyədə olmasında maraqlı olmalıdır”
Uzunmüddətli layihələrdə alqı-satqı qiyməti adətən müəyyən bir formula ilə hesablanır. İqtisadi fəallıq artanda qiymətlər qalxa bilər və buna adekvat cavab vermək üçün adətən dinamik formuladan istifadə olunur. 2002-ci ildə Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismarı ilə bağlı imzalanan razılaşmaya siyasi baxımdan daha çox üstünlük verilirdi. SİA-ya açıqlamasında bu sözləri iqtisadçı ekspert Nazim Məmmədov Türkiyənin "Botaş" şirkətinin BTC neft ixrac kəmərinin istismarı ilə bağlı yeni müqaviləni bağlanmasını tələb etməsinə münasibət bildirərkən deyib.
Müqavilənin bağlandığı 2002-ci ildə əsas məqsədin Azərbaycan neftini əsas ixrac boru kəməri vasitəsilə dünyaya çıxarmaq olduğunu deyən ekspert bildirib müqavilə olmayan şəraitdə xarici kredit təşkilatları kredit verməzdilər: "Azərbaycanın neft gəlirləri də az idi. Hər halda Azərbaycan tərəfi də, Türkiyə tərəfi də beynəlxalq maliyyə təşkilatlarından vəsait cəlb etdilər. BOTAŞ-ın rəhbəri keçən il də açıqlamışdılar ki, onlar kəmərin istismarından müəyyən qədər ziyana düşüblər. Fikrimcə, müqavilənin yenilənməsi ilə bağlı tələbə hansısa don geyindirmək lazım deyil. Ola bilər ki, bunu Azərbaycanı və Türkiyəni istəməyən qurumlar iki ölkə arasında yaranmış bir problem kimi göstərərlər. İqtisadi məsələdir və güman edirəm ki, razılaşma həm Türkiyəyə, həm də Azərbaycana sərf edən formada təzələnməlidir. Dünyada neftin qiyməti qalxırsa, neftin qiymətinin 120 dollardan satılırsa və bundan BP, Beynəlxalq Əməliyyat Şirkəti və konsorsiumda iştirak edən digər şirkətlər qazanırsa, bu qazancdan BOTAŞ-ın pay istəməyini də təbii qarşılamaq lazımdır".
BOTAŞ-ın müqaviləni təzələmək istəyinin yerinə yetirilməyəcəyi ehtimalına gəlincə, Nazim Məmmədov bildirib ki, ümumi məxrəcin tapılacağına güman edir: "Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftini dünya bazarlarına çıxarmaqda davam edəcək. Türkiyənin maraqlarını normal qarşılamaq lazımdır. Çünki Xəzərin Azərbaycana aid hissəsindən çıxarılan neftlə yanaşı gələcəkdə Qazaxıstan və Türkmənistan neftinin də bu kəmərlə ixracı nəzərdə tutur. Artıq Qazaxıstanın neftinin müəyyən hissəsi sözügedən neft kəməri ilə ixrac olunub. Azərbaycan da gələcəkdə neft tranziti ölkəsi olaraq tranzit qiymətlərinin normal səviyyədə olmasında maraqlı olmalıdır. Burada itirəcəyimiz bir şey yoxdur, qazanacağımız ola bilər. bu gün neft hasil edən ölkə sabah neft tranziti ölkəsinə çevriləcək. Mən bu məsələyə kompleks yanaşmanın tərəfdarıyam. Güman etmirəm ki, iki şirkət arasında olan problemlər iki dövlət arasındakı problemlər kimi qiymətləndirilsin. Mən bunun əleyhinəyəm".
Qeyd edək ki, BOTAŞ BTC-nin istismarı ilə bağlı yeni müqavilə tələb edir. Türkiyəli jurnalistlərə açıqlama verən şirkətin İdarə Heyətinin başçısı İbrahim Palaz bildirib ki, 2002-ci ildəki hökumət tamamilə zərər verən bir müqavilə bağlayıb. O, qeyd edib ki, Türkiyə Azərbaycan neftinin daşınmasından ildə 300 milyon dollar gəlir əldə etməyi hədəflədiyi halda zərələ işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB