Prezident İlham Əliyev: "Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib"
Hər bir ölkədə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi, bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.
Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaratmışdır. Azərbaycandakı siyasi sabitlik, güclü iqtisadi potensial, iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin sistemli olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafı istiqamətində görülmüş tədbirlər ölkə iqtisadiyyatının xarici təsirlərə qarşı dayanıqlılığını şərtləndirən başlıca amillərdir.
Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında ölkəmizdə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən dövlət proqramları müstəsna əhəmiyyət kəsb edir. Görülmüş işlərin nəticəsidir ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub.
Onu da qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında baş verən proseslərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının daha da möhkəmləndirilməsi üçün Prezident İlham Əliyevin islahatlar siyasəti çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul edilmişdir.
Neft bazarında son durum
Məlum olduğu kimi, bu günlərdə neft bazarında qiymətlərdə şok yaşanır. Brent markalı neftin bir barrelinin qiyməti son gündə 14 dollar ucuzlaşaraq, 31,27 dollara düşüb. Martın 7-də hərracda brent markalı neftin bir barreli 45,54 dollara satılıb. Martın 7-də hərrac başa çatdıqda Şimal Dənizi neftinin bir barreli 45,54 dollar, martın 9-da neft sövdələşmələrində fyuçerslər 26,5% düşərək, bir barrel üçün 33,3 dollar təşkil edib. Amerikanın WTI nefti ilə bağlı fyuçers sövdələşmələri 27,5% ucuzlaşaraq, 29,8 dollardan satılır.
Neftin qiyməti daim aşağı qala bilməz
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı sözügedən məsələ ilə bağlı bildirib ki, neftin qiymətinin, hər barrelə görə 1 ABŞ dolları dəyişməsi, cari əməliyyatlar hesabımıza illik, təxminən, 250 milyon ABŞ dolları məbləğində təsir edir. İlin əvvəlində 68 dollar olan Brent neftinin qiyməti bu gün 31 dollardır. Yəni qiymət 37 dollar və ya 50% düşüb. Əgər 1 dollar 250 milyon dollar məbləğində təsir edirsə, 37 dolların təsiri 9 milyard dollardan çox edir. Təbii ki, bu məbləğdə təsrin baş verməsi üçün qiymətin il ərzində 30 dollar səviyyəsində qalması lazımdır.
Vüsal Qasımlı: "Ölkəmiz təkcə neft gəlirlərindən asılı deyil"
V.Qasımlı, həmçinin, bildirib ki, ölkəmiz təkcə neft gəlirlərindən asılı deyil: "Bir də Azərbaycan iqtisadiyyatının hazırkı mənzərəsi, bir daha göstərir ki, ölkəmiz təkcə neft gəlirlərindən asılı deyil. Hazırda ölkə iqtisadiyyatının 70%-ə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür.
Bu sahənin əsas istiqamətlərindən biri qeyri-neft sənayesidir. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, 2015-ci ildə də müasir sənaye müəssisələrinin yaradılması dəstəklənmiş, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmiş, 270-dək sənaye müəssisəsi, o cümlədən, texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılmışdır.
Sənayeləşmə siyasətinin başlıca istiqamətlərindən biri də yeni mexanizmlərin tətbiqidir. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye, Mingəçevir Sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmış və rezidentlər tərəfindən 1 milyard ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır.
Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə "yaşıl biznes"in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması, əsasən, başa çatdırılmışdır. İlkin olaraq, sənaye parkına 4 rezident tərəfindən 10 mln. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda yeni istehsal sahəsi olan gəmiqayırma sahəsində işlər müasir texnologiyalar əsasında davam etdirilir. Neftçala Sənaye Məhəlləsində isə, yaxın aylarda sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində, 380 iş yeri açılacaqdır".
Ölkənin dayanıqlı inkişafının təmin edilməsi baxımından, kənd təsərrüfatınını da böyük potensiala malik olduğunu deyən V.Qasımlı aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri nəticəsində, bir sıra ərzaq məhsullarının istehsalının artmasına səbəb olub: «Dövlət başçısı tərəfindən sonuncu müşavirələrdə kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verilmişdir. Bununla əlaqədar, Kənd Təsərrüfatı Nazirliyinin və digər aidiyyəti qurumların iştirakı ilə İqtisadiyyat Nazirliyində pambıq və tütün istehsalı və emalı ilə məşğul olan müəssisələrlə müzakirələr keçirilmişdir. Aparılmış müzakirələrin nəticəsi olaraq, fermerlərdən pambığın əhəmiyyətli dərəcədə baha qiymətə alınması, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır. Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcəkdir".
Elman Sadıqov: "İkiqat təzyiq olsa da neft bu səviyyələrdə qala bilməyəcək"
İqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, hazırda dünya iqtisadiyyatına koronavirusun təsirləri, dünya iqtisadiyyatında baş verənlər diqqət mərkəzindədir: "Düşünürəm ki, ölkəmiz panikaya imkan verməyəcək və ciddi problemlərin olacağı gözlənilmir".
Dövlət başçıs neftin qiymətinin aşağı düşməsi ilə bağlı çıxışlarında da bildirib ki, bu, Azərbaycan üçün problemlər yaratmır: "Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində, bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib".
Ekspertlərin sözlərinə görə 2004-cü ildən başlayaraq, son 16 il ərzində, Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə hesab olunur. Bu müddət ərzində onun ümumi daxili məhsulu 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, valyuta ehtiyatları isə 28 dəfəyə qədər artıb. Göstərilən dövrdə ölkədə orta aylıq əməkhaqqı 5,7, orta aylıq pensiya 9,2 dəfə yüksəlib. Neftin qiymətinin aşağı düşməsi gəlirlərimizi azaldacaq, ancaq bu, heç bir halda, fəlakət sayıla bilməz. Biz artıq neft gəlirlərini kifayət qədər səmərəli istifadə etməklə, qeyri-neft sektorunun inkişafında yüksək nəticələr əldə edə bilmişik.
Tahir Mirkişili: "Neft bazarındakı dəyişiklik Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaradacaq səviyyədə deyil"
Milli Məclisin deputatı Tahir Mirkişili dünya bazarında neftin qiymətinin ucuzlaşmasına münasibət bildirərək, bu prosesin Azərbaycana təsirindən də danışıb: "Neft qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Amma hazırda Azəraycan gündə orta hesabla 540 min barrel xam neft ixrac edir. 2019-cu ildə, bütövlükdə, ixracımız idxalımızdan 8 milyard dollar çox olub (qızıl idxalını nəzərə almasaq). Xam neft ixracımız 15 milyard dollara yaxın olub. 2019-cu ilin 9 ayının yekunlarına görə, tədiyə balansında neft-qaz sektoru üzrə profisit 9,9 mlrd. dollar, qeyri-neft sektorunda isə defisit 4,8 mlrd. dollar olub. Dövlət Neft Fondunun 2020-ci il üçün gəlirləri 12,4 milyard. manat, bu gəlirləri isə 11,4 milyard. manatı (92%-i) dövlət büdcəsinə transfert üçün nəzərdə tutulub. Neftin qiymətinin dəyişməsini Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən, 3 ssenarini nəzərə almaq lazımdır: Qısamüddətli, Ortamüddətli və Uzunmüddətli. Öncə, deyək ki, neftin qiyməti dövlət büdcəsində 1 barrelinin qiyməti 55 dollar həddində götürülüb. Yəni neftin 1 barrelinin qiymətinin 30 dollar həddində olması Azərbaycanın hər gün nəzərdə tutulmuş gəlirdən sadə hesabla 13,5 milyon dollar az gəlir əldə etməsinə səbəb olacaq".
Millət vəkili onu da bildirib ki, yuxarıda göstərdiyimiz kimi, bu ssenarilərin heç biri Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yarada biləcək səviyyədə deyil: "Burada kifayət qədər digər amillər də var ki, daha geniş yazmaq olar. Tədiyə balansının 5,1 milyard dollarlıq müsbət saldosu, ixracın idxalı 8 milyard dollar üstələməsi neft qiymətlərinin belə kəskin düşməsinin ölkə iqtisadiyyatına təsirini minimallaşdırır. Eyni zamanda, son illər Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar, qeyri-neft sektorunun sürətli inkişafı, qeyri-neft ixracının artım sürətinin yüksək olması belə təsirləri minimallaşdırır. Ölkədə həyata keçirilən şəffaflaşma tədbirləri nəticəsində, dövlət büdcəsi gəlirlərinin son 2 ayda 250 milyon manat artması büdcə öhdəliklərinin də yerinə yetirilməsi baxımından mühüm nəticədir. Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları toplandığından, belə təsirlərin Azərbaycan manatını yenidən devalvasiyaya uğradacağı ehtimalları minimaldır, demək olar ki, yoxdur. Əhalini ən çox düşündürən bu sualın cavabına, iqtisadçı olaraq demək istərdim ki, təlaşa ehtiyac yoxdur, neft bazarının bu cür dəyişkənliyinə öyrəşmək lazımdır".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB