“Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması” mövzusunda seminar keçirilib

“Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması” mövzusunda seminar keçirilib

Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin, "Korea Expert Consulting Group"un (KECG) təşkilatçılığı, Koreyanın Strategiya və Maliyyə Nazirliyinin, Koreya İnkişaf İnstitutunun dəstəyi ilə "Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması" və "Sahibkarlığın təkmilləşdirilməsi" üzrə tədqiqatlarla bağlı seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Seminarda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov beynəlxalq iqtisadi təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlığın Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, İqtisadi İnkişaf Nazirliyinin müraciətinə əsasən Koreyanın Strategiya və Maliyyə Nazirliyi və Koreya İnkişaf İnstitutunun dəstəyi ilə "Korea Expert Consulting Group" təşkilatı tərəfındən "Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması" və "Sahibkarlığın təkmilləşdirilməsi" ilə bağlı 2010-cu ilin sentyabrında tədqiqatlara başlanılıb. O, qeyd edib ki, tədqiqatların əsas məqsədi Azərbaycanda həyata keçirilən qrant və texniki yardım layihələri ilə bağlı idarə olunan elektron məlumat bazasının yaradılması və distant öyrənmə vasitəsilə sənayenin diversifikasiyası məqsədilə sahibkarlığın inkişafına dəstək verməkdir.

Azərbaycanın dünyanın 140-dan çox ölkəsi ilə ticarət əlaqələri qurduğunu diqqətə çatdıran N.Səfərov qeyd edib ki, Koreya da ölkəmizin dost və tərəfdaş ölkələrindən biridir. Nazir müavini ikitərəfli əməkdaşlıq səviyyəsinin artırılması üçün bilik və təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Korea Expert Consulting Group" təşkilatının direktoru Kyung Soon Song "Yardımların əlaqələndirilməsi üzrə elektron məlumat bazasının yaradılması və istifadə olunması" və "Sahibkarlığın təkmilləşdirilməsi" ilə bağlı tədqiqatlann aparılması sahəsində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verib. O, söyləyib ki, tədqiqatlar Koreyanın Bilik Mübadiləsi Proqramı çərçivəsində aparılıb. Təşkilatın rəhbəri bildirib ki, bu proqramın məqsədi müxtəlif sahələrdə Koreya təcrübəsinin mübadiləsi vasitəsilə digər tərəfdaş ölkələrdə sosial-iqtisadi inkişafa dəstək göstərməkdir. Kyung Soon Song tədqiqatların qrant və texniki yardım layihələrinin icrasında və sahibkarlığın inkişafında əhəmiyyətli rola malik olduğunu diqqətə çatdırıb.

Koreyanın Azərbaycandakı səfiri Ji Ha Lee çıxışında bildirib ki, ölkəsinin möcüzəyə bərabər tutulan uğurlarında xalqın qətiyyəti əsas rol oynasa da, xarici yardımların əhəmiyyəti də böyük olub.

Seminar çərçivəsində "Korea Expert Consulting Group" təşkilatının nümayəndələri tərəfindən qeyd olunan tədqiqatlarla bağlı təqdimatlar keçirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbirdə müxtəlif mövzularda tədqiqatların bundan sonra da aparılacağı, həmçinin bu sahədə Koreya ilə əməkdaşlığın davam etdiriləcəyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə