Hindistanın Azərbaycandakı səfiri: “Təbii qazın Azərbaycandan birbaşa Hindistana ötürülməsinin həm qiymət, həm də digər texnologiyalar baxımından mümkün deyil” - MÖVQE
Hindistan və Azərbaycan arasında 2005-2006-cı illərdə ticarət dövriyyəsi 50 milyon dollar təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 340 mln. dollara çatıb. SİA-nın məlumatına görə, bu sözləri Hindistanın Azərbaycandakı səfiri Debnat Şau bildirib.
Azərbaycandan Hindistana ən çox idxal olunan məhsulun xam neft olduğunu deyən səfir söyləyib ki, Bakı-Tiflis-Ceyhan neft kəməri işə düşdükdən sonra Hindistan Azərbaycandan neft alır: "Ticarət dövriyyəsinə aid rəqəmlərə baxarkən deyə bilərik ki, bu dövriyyə Azərbaycanın xeyrinə müşahidə olunur. Hindistandan Azərbaycana ixrac olunan məhsulların dəyəri o qədər çox deyil. Bu il ərzində 30-50 milyon təşkil edir. Hindistandan Azərbaycana səfər edən nümayəndə heyəti istəyir ki, buradakı iqtisadi imkanları öyrənsin. Məqsəd bu məlumatları əldə etməklə ticarət dövriyyəsini daha yüksəltməkdir".
Azərbaycanda olduğu kimi Hindistanda da iqtisadiyyatın sürətlə inkşaf etdiyini deyən səfir bildirib ki, qarşılıqlı əməkdaşlığın artırılması bu sürəti daha da artıra bilər. Hindistandan Azərbaycana idxal olunan camış ətinə qadağadan məlumatlı olmadığını qeyd edən səfir bildirib ki, bu barədə Azərbaycan tərəfi daha dəqiq məlumata sahibdir. O, Hindistandan ixrac olunan camış ətinin yüksək keyfiyyətə malik olduğunu vurğulayıb.
Hindistanda enerji mənbələrinin çatışmazlığının olduğunu da söyləyən Debnat Şau ixrac olunan neft və təbii qazın ümumi tələbatın 70 faizini təşkil etdiyini deyib. Səfir təbii qazın Azərbaycandan birbaşa Hindistana ötürülməsinin həm qiymət, həm də digər texnologiyalar baxımından mümkün olmadığını qeyd edib və bildirib ki, tələbatı ödəmək üçün başqa yollar axtarılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB