"2019-cu ilin son rübündə neftin qiyməti 60 dollardan yuxarı olacaq" PROQNOZ

"2019-cu ilin son rübündə neftin qiyməti 60 dollardan yuxarı olacaq" PROQNOZ

“Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum nəticəsində neft bazarında baş verənlər uzun müddətdən bəri neft ətrafında oynanılan oyunların tərkib hissəsidir. Bu oyunların nəticəsidir ki, neft qiymətləri bilavasitə iqtisadi amillər səbəbindən dəyişmir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, iqtisadi baxımdan götürsək, dünyada neftin qiyməti indikindən az olmalıydı: “Çünki neft təklifi neft tələbindən xeyli çoxdur. Təkliflə tələb arasındakı balansa baxsaq neftin qiyməti 40-50 dollar arasında olmalıdır. Amma neftin qiyməti uzun müddətdən bəridir ki, 60 dollardan yuxarıdır. Neftin qiymətinin 10-15 dollar yüksək olması məhz oynanılan oyunlarla bağlıdır. Səudiyyə Ərəbistanında baş verənlər də bu oyunların tərkib hissəsidir”.

İqtisadçı bildirib ki, burada məqsəd neftin qiymətini 70 dollar və ondan bir qədər də yuxarı qaldırmaqdır: “Bu istək ABŞ və digər iqtisadi cəhətdən aparıcı ölkələrinin maraqlarına uyğun gəlmir. Başda ABŞ olmaqla, Yaponiya, Çin, Almaniyanın heç biri neftin qiymətinin 50 dollardan yüksək olmasını istəmirlər. Adı çəkilən ölkələrin neftə tələbi yüksəkdir və onlar qiymətlərin artmasını istəmir. Çünki bu onların xərcini artırır. Amma dünyada neft təklif edən, nəhəng istehsalçılar, o cümlədən Səudiyyə Ərəbistanı, İraq, İran, Rusiya neftin qiymətinin 60 dollardan yuxarı olmasını istəyir”.

P. Heydərov qeyd edib ki, bütün cəhdlərə baxmayaraq 2019-cu ilin son rübündə və 2020-ci ildə neft qiyməti 60 dollardan yuxarı olacaq: “Hesab edirəm ki, neft nə kəskin şəkildə bahalaşacaq, nə də ucuzlaşacaq. Neftin qiyməti 70 dolları ötə bilər, amma 100 dollar səviyyəsinə çatması qeyri-realdır. Eynilə neft ucuzlaşa bilər, amma 50 dollardan aşağı düşəcəyini zənn etmirəm. Neft qiymətləri yalnız İranın cəlb edildiyi güclü müharibə halında kəskin arta bilər. Digər hallarda iri neft hasilatçıları qiymətlərin artımına nail ola bilməyəcəklər. 2020-ci ildə neftin orta qiyməti 60 dollardan yuxarı səviyyədə qalacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə