Milli Məclis Gömrük Məcəlləsini I oxunuşda qəbul edib

Milli Məclis Gömrük Məcəlləsini I oxunuşda qəbul edib

Milli Məclis Gömrük Məcəlləsi I oxunuşda qəbul edib. SİA-nın məlumatına görə, Məcəllə haqqında məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan dövlətinin formalaşmasıında iqtisadi qanunvericiliyin çox mühüm rolu olub. Onun sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən Gömrük məcəlləsinin qəbulu Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiysı istiqamətində Azərbaycanın bir müstəqil dövlət kimi formalaşmasında çox mühüm rol oynayacaq. Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Gömrük məcəlləsi ilk dəfə 1997-ci ildə qəbul edilib, ölkəmiz 20 il bundan qabaq müstəqillik əldə etdikdən sonra yeni iqtisadi sistemin formalaşması istiqamətində cəsarətli addımlar atıb.

"Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyasının tərkib hissələrindən biri gömrük sisteminin formalaşması olub. Əgər Sovet hakimiyyəti illərində Azərbaycanda vergi, maliyyə, bank sistemi ilə əlaqədar xeyli işlər görülmüşdüsə və respublikamız müəyyən səlahiyyətlərə malik idisə, gömrük sahəsində Respublikanın heç bir səlahiyyəti yox idi. Yeni Məcəllə beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. Bu məcəllənin qəbulu sistem halında Azərbaycan iqtisadiyyatının yeniləşməsinə imkan verəcək, tədbirlərin həyata keçirilməsinə şərait yaradacaq. 356 maddədən ibarət Məcəllə 60-a yaxın fəsildən ibarətdir. Dünya standartlarına cavab verən bir layihədir. Azərbaycan Ümumdünya Gömrük Təşkilatının üzvüdür, aparılan islahatlar, o cümlədən gömrük sistemində olan dəyişikliklər imkan verir ki, ÜGT-nın Bakıda ofisi yerləşsin", - deyə millət vəkili qeyd edib.

Z.Səmədzadə vurğulayıb ki, sənəddə Gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri açıqlanıb, ixrac prosedurları nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və ya yola düşməsi, gömrük statusu və digər məsələlər öz əksinin tapıb. O əlavə edib ki, layihədə gömrük orqanlarında xidmətə dair proseslərdə şəffalığın artırılması ilə əlaqədar olaraq maddə nəzərdə tutulub.

Daha sonra millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, Aydın Abbasov, Fərəc Quliyev, Valeh Ələsgərov, Elmira Axundova və digərləri məcəllə ilə bağlı öz fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə