Litva Seyminin sədri: "Biz Azərbaycanla Xəzərin neft ehtiyatlarının Ukrayna və Polşa üzərindən Litvaya nəqli təklifi ilə çıxış etmişik" - MÖVQE

Litva Seyminin sədri: "Biz Azərbaycanla Xəzərin neft ehtiyatlarının Ukrayna və Polşa üzərindən Litvaya nəqli təklifi ilə çıxış etmişik" - MÖVQE
"Azərbaycan və Litva arasında münasibətlər yeni mərhələyə qədəm qoyur və bundan sonra bu münasibətlər daha da möhkəmlənəcək". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Litva Seyminin sədri İrena Dyaqutene Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Ölkəmizə səfər zamanı keçirdikləri görüşlər haqqında məlumat verən qurum rəhbəri bildirib ki, görüşlər zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib: "Bura ən əsası iqtisadiyyat sahəsi daxildir. Səfər çərçivəsində Azərbaycan-Litva biznes-forumu keçirildi. Forumda 40-dan çox Litva, 100-dən çox Azərbaycandan olan sahiblarlar iştirak edib. Forum çərçivəsində 3 saziş imzalanıb. Növbəti biznes-forum Litvada təşkil olunacaq".

O həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycan tərəfi ilə investisiyaların qoyuluşu, yeyinti və energetika sahəsində əməkdaşlıq müzakirə olunub. O vurğulayıb ki, Litvanı ən çox maraqlandıran enerji layihələridir: "Hazırda ölkəmizdə sıxlaşdırılmış qaz terminalı yaradılır. Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Litva nümayəndəliyinin açılması təklifini də irəli sürmüşük. Bundan əlavə görüşlər zamanı Xəzərin neft ehtiyatlarının Ukrayna-Polşa üzərindən Litvaya nəqli təklifi ilə çıxış etmişik. Bizi maraqlandıran digər məsələlərdən biri nəqliyyat sahəsində əməkdaşlıqdır. Biz "Vikinq" layihəsinin uzunluğunu artıraraq Azərbaycana qədər gətirməyi, "Vikinq" və TRACECA dəhlizini birləşdirməyi təklif edirik".

Görüşlər zamanı turizmin inkişaf etdirilməsi məsələsinin müzakirə olunduğunu dilə gətirən İrena Dyaqutene bildirib ki, müzakirələrdə Bakı-Vilnüs-Bakı aviareyslərinin təşkili, Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, tələbə mübadiləsi məsələlərinə də toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə