İKT-nin sürətli inkişafı ölkəmizin gələcək perspektivlərinə hesablanıb
Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində, ölkəmizin sosial-iqtisadi inkişafında mühüm irəliləyiş əldə edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış və İnkişaf Konsepsiyası" ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasının zəruriliyini müəyyən etmiş oldu. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində, bugünkü Azərbaycan rəqabətə davamlı və müasir bir dövlətə çevrilib.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)"nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli və simsiz, həmçinin mobil texnologiyalarla çıxış imkanları yaradılıb. İlk telekommunikasiya peyki "Azerspace-1" və yer səthinin müşahidə peyki "Azersky" orbitə çıxarılmış, bununla da, Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. Daha sonra Azərbaycanın üçüncü peyki "Azerspace-2" uğurla orbitə buraxıldı. Ölkəmizdə İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilib, "elektron hökumət" üzrə genişmiqyaslı layihələr həyata keçirilib və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil olunub.
YÜKSƏK TEXNOLOGİYALAR SEKTORUNUN İNKİŞAFI VƏ ONUN ELMİ-TEXNİKİ POTENSİALININ YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTİNDƏ MÜHÜM ADDIMLAR ATILIB
Görülən işlərin nəticəsidir ki, Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə, cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya" təsdiq edilmişdir. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı" hazırlanmışdır. Sənəd Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, biliklər iqtisadiyyatının formalaşması, bötövlükdə, ölkəmizin tərəqqisi baxımından, çox mühüm sənəddir. Bu sənəd dünyada gedən proseslərə, tendensiyalara, müasir beynəlxalq çağırışlara və standartlara cavab verən mühüm inkişaf konsepsiyasıdır. İnformasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar–vətəndaş tərəfdaşlığının gücləndirilməsi, həmçinin, beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə genişləndirilməsi istiqamətində də kifayət qədər tədbirlər reallaşmışdır. Sənəddə nəzərdə tutulan bir sıra tədbirlərin 2020-ci ilin sonunda yekunlaşması nəzərdə tutulur. İndiyə qədər müvafiq tədbirlər planları çərçivəsində, qeyd etdiyimiz kimi, bir sıra mühüm işlər görülüb.
Yüksək texnologiyalar sektorunun inkişafı və onun elmi-texniki potensialının yüksəldilməsi istiqamətində də mühüm addımlar atılıb, ölkədə müxtəlif profilli texnoparklar yaradılıb. Təhsil və tibb sahələrində informasiyalaşdırma və elektron xidmətlərin göstərilməsi sahəsində işlər davam etdirilmişdir.
AZƏRBAYCAN ALİMLƏRİ HAQQINDA VAHİD İNFORMASİYA BAZASI FORMALAŞDIRILIB
"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində diaspor fəaliyyəti ilə bağlı nəzərdə tutulan işlərə dəstək məqsədilə AMEA-nın Rəyasət Heyəti "Azərbaycan alimləri diasporu" informasiya sisteminin işlənməsi haqqında qərar qəbul edib və qərarın icrası İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb. İnstitutun məlumatına istinadən bu məqsədlə mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb. Diasporla iş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Elmin İnkişafı Fondu, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin, ölkənin bir sıra təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində xarici ölkələrdə yaşayan alimlər haqqında zəruri məlumatlar əldə edilib. Beləliklə, "Azərbaycan alimləri diasporu" informasiya sistemi – «www.elmidiaspora.az» saytı istifadəyə verilib. Saytın yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya bazasının formalaşdırılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə tanıdılması, həmçinin, əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Sayt "Ana səhifə", "Sistem haqqında", "Rəsmi sənədlər", "Statistik göstəricilər", "Faydalı linklər" və "Əlaqə" bölmələrindən ibarətdir. Saytın "Statistik göstəricilər" bölməsində xaricdə yaşayan alimlərin ölkələr və elm sahələri üzrə paylanması, eləcə də, demoqrafik göstəricilərinə dair statistik rəqəmlər təqdim olunub. Statistik məlumatlara görə, Rusiyada 197, Türkiyədə 134, ABŞ-da 26 olmaqla, ümumilikdə, dünyanın 39 ölkəsində 500 azərbaycanlı alim fəaliyyət göstərir. Onlardan 440-ı kişi, 60-ı qadındır. Həmin alimlər, əsasən, riyaziyyat (91), tibb elmləri (54) və fizika (47) sahələrini təmsil edirlər. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda müxtəlif göstərici üzrə axtarış imkanı da yaradılıb.
"Azərbaycan alimləri diasporu" informasiya sistemi açıq informasiya resursu olduğu üçün onun mütəmadi təkmilləşdirilməsi, müvafiq dəyişikliklərin həyata keçirilməsi və xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər haqqında yeni məlumatların əlavə edilməsi mümkündür.
Göründüyü kimi, İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi və informasiya cəmiyyəti ideyalarının təbliği üçün genimiqyaslı tədbirlər həyata keçirilib. Qlobal informasiya məkanında Azərbaycanla əlaqədar məlumatların, həqiqətlərinin təbliği və yayılmasının genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB