"Müşavirə islahatların davam etdiriləcəyi ilə bağlı mesajdır" AÇIQLAMA-ÖZƏL

"Müşavirə islahatların davam etdiriləcəyi ilə bağlı mesajdır" AÇIQLAMA-ÖZƏL

“Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə həm iqtisadi və sosial islahatların qiymətləndirilməsi, həm də növbəti dövrdə həyata keçiriləcək islahatlarla bağlı prioritet və istiqamətləri müəyyənləşdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, müşavirə Azərbaycanda növbəti aylarda da davamlı islahatların həyata keçiriləcəyi və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyi ilə bağlı mesajdır.

Azərbaycanın 2019-cu ilə struktur islahatları ilə yanaşı, sosial sferada aparılan islahatlar və sosial təminatın gücləndirilməsi ilə daxil olduğunu deyən ekspert söyləyib ki, geridə qoyduğumuz 2 ay sosial təminatın gücləndirilməsi baxımından yadda qaldı: “Bir tərəfdən minimum əməkhaqqı, pensiyalar artırıldı, sosial sferada vətəndaşları maraqlandıran kifayət qədər ciddi və əhəmiyyətli işlər görüldü. Eyni zamanda, istismara alınmayan binaların istismara alınması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan müvafiq fərmana uyğun olaraq bina evlərində yaşayan mənzil sahiblərinin çıxarışla təmin olunması ilə bağlı aparılan tədbirlər xüsusi qeyd olunmalıdır”.

Müşavirədə müzakirə edilən problemli kreditlərin həll edilməsi məsələsinə gəlincə V.Bayramov qeyd edib ki, bu istiqamətdə müəyyən addımın atılması vətəndaşlarımızı daha çox narahat edən məsələlərdən birinin yaxın zamanlarda həll edilməsi anlamına gəlir: “Praktiki olaraq bu, ondan xəbər verir ki, hazırda Azərbaycan vətəndaşını maraqlandıran sosial məsələlər dövlət başçısının diqqət mərkəzindədir. Xüsusən son aylar sosial təminatın gücləndirilməsi ilə bağlı atılan addımlar, ölkə başçısı tərəfindən fərqli problemlərin araşdırılması və həll edilməsi ilə bağlı verilən göstərişlər vətəndaşların sosial təminatının gücləndirilməsi, bütövlükdə iqtisadiyyatın inkişafı və inklüziv inkişaf baxımından çox vacibdir ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə