"Bakutel" sərgiləri Azərbaycana nə verir? RƏY-ÖZƏL

“Azərbaycanda gedən inkişaf mərhələsi bütün dövlətlərin diqqətini özünə cəlb edir. Mən burada informasiya-kommunikasiya texnologiyalarının, elmin, təhsilin və digər sahələr üzrə əldə olunan uğurlu nailiyyətləri nəzərdə tuturam. Bu sahələrin inkişafı ölkədə yeni bir reallıq yaradıb. Belə ki, Azərbaycan artıq qarşısına biliklər cəmiyyətinin formalaşmasını məqsəd qoyub”Bu fikirləri SİA-ya açıqlamasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

O bildirib ki, ölkədə intellektual mühitin formalaşmasında, onun daha da inkişaf etdirilməsində informasiya-kommunikasiya texnologiyalarının üzərinə xüsusi missiya düşür: “Çünki İKT inkişaf etdikcə ölkəmiz informasiya cəmiyyətinin formalaşması istiqamətində mühüm addımlar atılır. Məhz buna görə də son illər əldə olunan nailiyyətlər beynəlxalq qurumlar, region ölkələr tərəfindən çox yüksək qiymətləndirilir. Beləliklə, həyata keçirilən genişmiqyaslı tədbirlərin əsas hədəfi ölkəmizdə biliklər iqtisadiyyatının qurulmasıdır”.

“Bakutel” sərgisinin mühüm əhəmiyyətə malik olduğunu deyən institut direktoru söyləyib ki, sərgidə milli İT məhsulları ilə yanaşı, elm tutumlu nəticələrin də nümayiş etdirilir: “Sözügedən sərgiyə xarici dövlətlər və şirkətlər də çox böyük maraq göstərirlər. Məhz bunun nəticəsidir ki, bu ilki sərgidə 10 ölkədən 230-dan çox xarici şirkət təmsil olunub. Onlar böyük məmnuniyyətlə öz məhsullarını təqdim edir. Sərgi xarici şirkətlərin yerli müəssisələrlə əlaqələr qurması baxımında da geniş imkanlara malikdir”

R.Əliquliyev qeyd edib ki, sərgi məhsulların təqdimatı ilə yanaşı, eyni zamanda bir beyin mərkəzi rolunu oynayır: “Bakutel” kimi sərgilər alimlərə imkan verir ki, əldə etdiyi nəticələri təqdim etməklə diqqətləri cəlb etsin, fikir mübadilələri aparsın. Bu da çox əhəmiyyətli məsələdir. “Bakutel” sərgisi bu sahə üzrə peşəkarların toplaşdığı əsas məkanlardan biridir. Eyni zamanda, “Bakutel” sərgisi maliyyə qurumlarının Azərbaycana investisiya qoyması üçün inamın yaranması baxımından da xüsusi əhəmiyyətə malikdir. Sərgi çərçivəsində ölkəmizə gələn xarici maliyyə qaynaqları, İKT şirkətləri burada gözəl biznes mühitinin olduğunu görürlər. Ona görə də Azərbaycanda öz işlərini böyük həvəslə qurmağa, sektor üzrə maliyyə yatırmağa və bu sahənin inkişafında maraqlı görsənirlər. Məhz buna görə də Azərbaycanda əldə edilən nailiyyətlər “Bakutel” sərgisinə diqqəti artırır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə