"Hər iki ölkə Prezidentin Türkmənistan səfərindən birbaşa faydalanacaq" RƏY-ÖZƏL
“Son illər Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur. Belə ki, əgər 2014-cü ildə Azərbaycan ilə Türkmənistan arasında ümumi ticarət dövriyyəsi 51 milyon dollar idisə, bu rəqəm 2017-cü ildə, yəni ötən il 164 milyon 145 min dollara qədər yüksəlib. Praktiki olaraq son dörd ildə iki ölkə arasındakı ticarət dövriyyəsi üç dəfədən çox artıb”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, illər üzrə ticarət dövriyyəsinə diqqət yetirsək Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi hər il əvvəlkinə nisbətən artıb: “Belə ki, 2015-ci ildə bu rəqəm 52 milyona, 2016-cı ildə bu rəqəm 152 milyon 276 min dollara, 2017-ci ildə isə 164 milyondan çox olub. Praktik olaraq ticarət dövriyyəsinin artması ondan xəbər verir ki, son illər iki ölkənin münasibətlərində irəliləyişlər müşahidə olunmaqdadır və iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin yaxınlaşması müşahidə olunur”.
Türkmənistan-Azərbaycan münasibətlərində Xəzərin statusunun müəyyənləşdirildikdən sonra daha da yeni bir mərhələyə qədəm qoyduğunu deyən V.Bayramov söyləyib ki, hər iki ölkə Xəzəryanı ölkə olduğunu nəzərə alsaq, o zaman ölkələr arasında işlənməli yataqlar var və həmin yataqların işlənməsi praktiki olaraq uzun müddətdir müzakirə olunur: “Xəzərin statusunun müəyyənləşməsi bir tərəfdən həmin yataqların işlənməsi üçün zəmin formalaşdırır, digər tərəfdən də ölkələrin birgə, xüsusən də enerji resurslarının birgə nəql edilməsi baxımından imkanlar yaradır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri həm də iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ kimi qiymətləndirilməlidir”.
Ekspertin sözlərinə görə, səfərin praktik olaraq yekunları göstərir ki, Azərbaycan və Türkmənistan yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur: “Türkmənistan tərəfinin xahişi ilə baş tutan səfər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, ölkələrin, xüsusən də yataqların (söhbət bu gün işlənməyən, işlənə bilməyən mübahisəli yataqlardan gedir) Xəzərin hövzələrindən dövlətlərin, eləcə də xalqların maraqları üçün istifadə olunması birgə işlənməsinə imkan verə bilər. Bu da təbii ki, istifadəsiz qalan yataqlardan hər iki dövlətin faydalanması üçün bir zəmin formalaşdırır. Eyni zamanda Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanan sənədlərdə əks olunan məsələlər də ondan xəbər verir ki, növbəti dövr Azərbaycan Türkmənistan əlaqələri inkişafı baxımından vacib bir dövr olacaq. Nəticə etibarı ilə hər iki ölkə həm iqtisadi, həm siyasi, həm strateji əməkdaşlıqda yeni bir mərhələyə qədəm qoyur. Bu baxımdan da təbii ki, Xəzəryanı ölkələr olaraq Azərbaycan və Türkmənistan Azərbaycan Prezidentinin Türkmənistana son səfərindən birbaşa faydalanmaq imkanları qazanacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB