Sahibkarlığın inkişafı məşğulluq səviyyəsinin artmasını şərtləndirir TƏHLİL

Sahibkarlığın inkişafı məşğulluq səviyyəsinin artmasını şərtləndirir TƏHLİL

Qeyri-neft sektorunun inkişafı yeni iş yerlərinin açılması statistikasında müsbət dinamikanı reallaşdırır

Məşğulluğun artması, işsizlik səviyyəsinin getdikcə azalması, ən kiçik göstəriciyə qədər düşməsi iqtisadiyyatda inkişafın əsas göstəricilərindən biri hesab olunmaqla, sosial siyasətin əsas məğzini təşkil edir və hər bir dövlətin, hər bir hökumətin əsas vəzifəsi sayılır. Bu vəzifənin öhdəsindən layiqincə gəlinirsə, məşğulluq səviyyəsi getdikcə artırsa, işsizlik səviyyəsi azalırsa, deməli, dövlətin apardığı siyasət doğru siyasətdir və bu da gələcəkdə daha boyük uğurlardan xəbər verir.

Dövlət başçısının “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam durmadan artmaqda olan əhalinin, kəmiyyət etibarı ilə çoxalan işçi qüvvəsinin iş yerlərinə olan tələbatının ödənilməsinə hesablanıb. Bir sözlə, imzalanan bu sərəncam sosial siyasətin əsasını təşkil edir və bu siyasətin mərkəzində vətəndaş amili dayanır. Bu isə öz növbəsində dövlət başçısının diqqət və qayğısının əyani sübutu, səmərəli məşğulluğu təmin etmək məqsədilə qarşıdakı 11 illik bir dövr ərzində uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılmasına tövhəsidir.

Nəzərə alsaq ki, əhalinin məşğulluğunu təmin etmək məqsədilə Cənab Prezident İlham Əliyev tərəfindən 2005-ci il 26 oktyabr tarixində imzalanmış Sərəncam ilə təsdiq edilən 2006–2015-ci illər üzrə Məşğulluq Strategiyası uğurla icra olunub, deməli, bu strategiyanın da uğur qazanacağı zərrə qədər şübhə doğura bilməz. Əgər həmin dövr ərzində, yəni 2006–2015-ci illər ərzində işsizlik səviyyəsi rəsmi statistikaya əsasən 7,3%-dən 5%-dək, yoxsulluq səviyyəsi 29,3%-dən 4,9%-dək azalıbsa, eyni zamanda əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə, orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıbsa, deməli, bu ənənəyə sadiq olaraq növbəti 11 ildə analoji müsbət nəticələr gözləməyə dəyər.

Rəsmi statistikaya əsasən son 14 ildə 2 milyona yaxın, daha dəqiq desək, 1,96 milyon yeni iş yerlərinin yaradıldığı heç kim üçün sirr deyil və nəzərə almaq lazımdır ki, yaradılan bu iş yerlərinin 73,3 faizi daimi iş yerləridir. Onu da nəzərə almaq lazımdır ki, 70 faizdən çoxunun regionların payına düşən bu yeni iş yerlərinin əksəriyyəti, emal sənayesi, tikinti, nəqliyyat, ticarət, xidmət sahələri olmaqla, qeyri-neft sektoruna aiddir. Bu isə həm də onu deməyə əsas verir ki, artıq qeyri-neft sektorunun inkişafında uğurlu nəticələr əldə edilib, inkişafa nail olunub.

Sözsüz ki, əhalinin sayının artması yeni iş yerlərinin yaradılmasına tələbatı artırır və nəzərə almaq lazımdır ki, Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyən və əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olan Azərbaycanın bu göstəricisi Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. Məhz bu göstərici fasilsiz olaraq yeni istehsal sahələri yaradılmasını və sahibkarlığın inkişaf etdirilməsini, məşğulluq səviyyəsinin artırılmasını labüd edir. Bir sözlə iqtisadi islahatlara hər zaman ehtiyac duyulur və qeyri-neft sektorunun inkişafına ayrılan diqqət məhz bu ehtiyacın ödənilməsinə xidmət edir.

Əksər inkişaf etmiş ölkələrdə məşğulluqla bağlı məsələlər Azərbaycandan heç də irəlidə deyil. Əksinə, yeni iş yerlərinin açılması tempinin standart olmadığını müşahidə etmək çətin deyil və bu da həmin ölkələrin məşğulluq səviyyəsinin Azərbaycandan geridə qaldıqlarından xəbər verir. Ölkəmizdə bir-birinin ardınca məşğulluq strategiyasının təsdiq edilməsi onu deməyə əsas verir ki, Azərbaycan digər sahələrlə yanaşı nəinki regionda, hətta qlobal miqyasda bir çox inkişaf etmiş dünya ölkələrini qabaqlayır.

Neftdən asılılığı minimuma endirmək, iqtisadiyyatın bütün sahələrini, ələlxüsus kənd təsərrüfatını inkişaf etdirmək, sahibkarlıq fəaliyyətini daha da genişləndirmək məqsədi ilə qeyri-neft sektoruna dövlət başçısı tərəfindən ayrılan diqqət və qayğı ölkə iqtisadiyyatının inkişafını şərtləndirir. Bu da öz növbəsində iqtisadiyyatın inkişafına zəmin yaradır və əbəs yerə deyil ki, yeni iş yerlərinin açılışı artıq ardıcıl xarakter daşıyır. Çünki, ölkə başçısının uğurlu iqtisadi siyasəti sayəsində dinamik inkişaf qarşısıalınmazdır və bu istiqamətdə yeniliklər, yeni-yeni uğurlar, hər bir sahədə əldə ediləcək nailiyyətlər, məşğulluq siyasətində müvəffəqiyyətlərin ardıcıl xarakter daşıyacağı barədə optimist proqnozlar verməyə əsas yaradır. Bir sözlə, qeyri-neft sektorunun, sənayenin, ələlxüsus, kənd təsərrüfatının inkişafı xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətliliyində, nəticədə isə yeni iş yerlərinin açılması statistikasında müsbət dinamikanı reallaşdırır. Bir sözlə, daim artmaqda olan əhalinin məşğulluq məsələlərinin həll edilməsi, işsizlik probleminin aradan qaldırılması üçün iqtisadi artım daimi xarakter daşımalıdır və əgər ölkəmizin iqtisadi inkişafı, iqtisadi artımı göz qabağındadırsa, deməli, məşğulluq səviyyəsinin bundan sonra daha da yüksəlməsinə, işsizlik səviyyəsinin isə daha da aşağı düşəcəyinə zərrə qədər şübhə yeri qalmır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə