Məşğulluq yönümlü iqtisadi inkişaf siyasəti həyata keçirilir TƏHLİL
Dövlət başçısının Sərəncamı ilə "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" təsdiq olunub
Azərbaycan Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkəmizin davamlı inkişafının təmin olunmasında həlledici rol oynayır. Reallaşan dövlət proqramlarının, investisiya layihələrinin uğurla icrası Azərbaycanda qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması ilə nəticələnib. Uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.
Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi dövlət başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində, başlıca məqsədlər olaraq, müəyyən edilib. Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Prezident İlham Əliyevin Sərəncamı ilə "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" təsdiq edilib.
Bu gün ölkənin perspektiv inkişaf hədəfləri məşğulluq sahəsində keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinə, layiqli iş yerlərinin yaradılmasına, məşğulluq sahəsində inklüzivliyin təmin olunmasına və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəlib. Bu baxımdan, qarşıdakı illərdə icrası nəzərdə tutulan "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına imkan verən əmək bazarının tənzimlənməsinə dair qanunvericilik bazasının və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, əmək bazarının monitorinqi və digər məsələləri özündə əks etdirməklə, məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin edəcəkdir.
Sənəddə göstərilir ki, ölkədə son 15 ildə 1,96 milyon yeni iş yeri yaradılmışdır ki, bunun da 73,3 faizi daimi iş yerləridir. Bununla yanaşı, yeni yaradılmış iş yerlərinin 70 faizdən çoxu regionların, mütləq əksəriyyəti qeyri-neft sektorunun payına düşür. 2005-2017-ci illər ərzində iqtisadiyyatda muzdla işləyənlərin sayı 20,7 faiz artaraq, 1525 min nəfərə çatmış, yəni ümumi məşğul əhalinin 31,6 faizinə bərabər olmuşdur. Azərbaycanda son illərdə ÜDM-in davamlı artımı nəticəsində, əmək məhsuldarlığı üzrə göstərici yüksəlmiş və 2006-cı ildə cari qiymətlərlə 2,35 manatdan, 2017-ci ildə 7,59 manata çatmışdır. Sözügedən Strategiyaya əsasən, həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan hədəflər müəyyənləşdirilib. Belə ki, iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulub. Bildiyimiz kimi, işsizlik səviyyəsi - 5 faiz təşkil edir, 2030-cu ilədək 4 faizə, o cümlədən, qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirilməsi nəzədə tutulub.
2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarını hazırlamaq, onların müntəzəm yenilənməsi mexanizmini yaratmaq və peşə təhsilində bütün kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunacaq. Strategiyanın həyata keçirilməsində strateji prinsiplər nəzərə alınacaqdır: hərtərəfli və məqsədli yanaşma, bərabər imkanlar və inklüziv məşğulluq, işsizlikdən etibarlı müdafiə, həvəsləndirmə yanaşması, sosial tərəfdaşlıq və s. Həyata keçiriləcək bu və ya digər tədbirlər nəticəsində əmək bazarında baş verən proseslərə uyğun çevik institusional sistem formalaşacaq, əhalinin məşğulluq və layiqli iş imkanları genişlənəcək, inklüziv məşğulluq, təhsil sisteminin əmək bazarı ilə uyğunluğu təmin ediləcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB