Iranın neft naziri: “Gündəlik benzin istehsalımız 3 ay ərzində 10 milyon litr artırılacaq”

Iranın neft naziri: “Gündəlik benzin istehsalımız 3 ay ərzində 10 milyon litr artırılacaq”
İranın benzin istehsalı artırılacaq. SİA-nın məlumatına görə, İranın neft naziri Məsud Mir Kazımi gündəlik benzin istehsalının 3 ay ərzində 10 milyon litr artırılacağını bildirib.

Məsud Mir Kazımi İrana tətbiq edilən sanksiyaların uğursuz olduğunu deyib: "Gündəlik benzin istehsalımız 3 ay ərzində 10 milyon litr artırılacaq. Əminliklə deyə bilərəm ki, benzin ehtiyacımız rahatlıqla qarşılanacaq. Bu da ölkəmizin enerji sektoruna tətbiq edilən bütün sanksiyaların müvəffəqiyyətsizliyinin göstəricisidir".

Xatırladaq ki, dünyada xam neft ixracatına görə 5-ci sırada olan İran kifayət qədər neftayırma zavodu olmadığına və texniki infrastrukturda mövcud olan problemlərinə görə, bir müddət əvvələ qədər benzin ehtiyacının 40 faizini idxal edirdi.
Qeyd edək ki, son aylarda İrandakı 7 neftayırma zavodu benzin istehsalını oktyabr ayında 44 milyon litrdən 66,5 milyon litrə çatdırıb və bu artım mətbuatda İranın benzin ixrac edəcəyi iddialarına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə