Ümumdünya Poçt İttifaqı Azərbaycanda maliyyə daxilolmalarını asanlaşdırmaq üçün layihə həyata keçirəcək

Ümumdünya Poçt İttifaqı Azərbaycanda maliyyə daxilolmalarını asanlaşdırmaq üçün layihə həyata keçirəcək
"Poçt infrastruktur elementi kimi dünya kommunikasiyasiyasının inkişafında çox böyük rol oynayır". Bu sözləri jurnalistlərə açıqlamasında Ümumdünya Poçt İttifaqının baş direktoru Eduard Dayan deyib. SİA-nın məlumatına görə baş direktor ölkəyə gəliş səbəbini açıqlayaraq bu günün Azərbaycan üçün önəmli olduğunu deyib: "Mən Azərbaycana Prezident Administrasiyasının dəvəti ilə gəlmişəm. Bu gün Azərbaycanla Ümumdünya Poçt İttifaqının arasında imzalanmış müqavilənin 5-ci ili tamam olur. Müqaviləyə əsaslanan əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin üsullarını araşdırırıq".

Gələcəkdə analoji layihələrin həyata keçiriləcəyini deyən Eduard Dayan layihələrin mövzuları haqda da məlumat verib: "Təbii ki, yaxın gələcəkdə bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Buraya əsasən immiqrant səviyyədə pul köçürülməsinə köməklik göstərmək, fəhlələrin ailələrinə pul köçürməkdə yardım etmək, maliyyə daxilolmalarını asanlaşdırmaq kimi bir sıra problemli məsələlər aiddir".

Baş direktor layihələrin reallaşdırılmasındakı əsas məqsədin ortamiqyaslı şirkətlərin ixrac əməliyyatlarını asanlaşdırmaqdan ibarət olduğunu vurğulayıb: "Bu layihə inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatının imkanlarının daha da artırılmasına şərait yaradacaq. Məqsəd ortamiqyaslı şirkətlərin ixrac əməliyyatındakı çətinlikləri aradan qaldırmaqdır".

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Ümumdünya Poçt İttifaqının nümayəndələri səhər saatlarında Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə