Etibar Pirverdiyev: "İnkişafımızın nəticəsidir ki, Rusiya ilə 2007-ci ildən bəri idxaldan çox ixracımız var" - AÇIQLAMA (Tədbir)
Bu gün "Azərenerji" ASC-nin binasında "Azərbaycanda energetika gününün qeyd olunması" ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Azərenerji"nin sədri Etibar Pirverdiyev, Səhmdar Cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov, Energetika fakultələrində oxuyan tələbələr və başqaları iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Etibar Pirverdiyev Azərbaycanın enerji istehsalı sahəsində çox sürətlə inkişaf etdiyini bildirib: "Son 5 ildə ən müasir texnologiyalar əsasında qurulan stansiyalarda 1500 meqavatdan çox yeni güclər istifadəyə verilib. Bu gün Azərbaycanda olan istilik enerji stansiyaları atmosferə olan tullantıların azlığına görə MDB ölkələri sırasında birinci yerdə, Avropada isə birinci onluqdadır. Bu isə enerji sahəsindəki inkişafı göstərən faktdır. Lakin "Cənub" elektik stansiyası və başqa bir çox stansiyalar istifadəyə verildikdən sonra Azərbaycanın Avropa ölkələri arasında ilk 5 dövlətdən biri olacağına əminəm".
Onun sözlərinə görə, yeni layihə artıq BMT-də qeydiyyatdan keçib: "Atmosferə atılan tullantıların azaldılması ilə bağlı layihələr ilk olaraq BMT-nin bürolarından birində qeydiyyatdan keçir. Azərbaycandan ilk olaraq bizim Sumqayıt layihəsi artıq BMT tərəfindən təstiqlənib. Bu layihə ilə biz ildə 1,5 milyon tondan çox karbon qazının atmosferə tullantısının qarşısını alırıq".
Gələcək layihələr haqda danışan sədr "Şimal 2" stansiyası üçün Yaponiyanın "Mitsubishi" şirkəti ilə danışıqların başlandığını da nəzərə çatdırıb. E.Pirverdiyev onu da qeyd edib ki, Bu ilin "Ekologiya ili" elan olunması ilə bağlı bir sıra tədbirlər görülüb: "Bildiyiniz kimi 2010-cu ilin "Ekologiya ili" kimi qeyd olunması ilə əlaqədar olaraq bu il 3 su elektrik stansiyası istifadəyə verilib".
İdxal və ixracla bağlı danışan ASC prezidenti Rusiyaya idxaldan çox ixracımızın olduğunu vurğulayıb: "Rusiya və İran kimi bir sıra dövlətlərə elektrik enerjisi ixrac edirik. İnkişafımızın nəticəsidir ki, Rusiya ilə 2007-ci ildən bəri idxaldan çox ixracımız var. Onu da nəzərinizə çatdırım ki, 2006-cı ilə qədər Naxçıvan İrandan təmaslı şəkildə istilik enerjisi alırdı, biz isə İrana elektrik enerjisi ötürürdük. Hətta Naxçıvan Türkiyədən elektrik enerjisi almağa məcbur idi. İndi isə Naxçıvan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bununla yanaşı 120 milyon Türkiyəyə, 50 milyon kilovat isə İrana ixrac edilir. Rusiyaya isə Azərenerji tərəfindən 150 milyon kilovat enerji ixrac olunur".
Smartkartların istifadəsi haqda fikirlərini bildirən E.Pirverdiyev kart üsulunun enerji sahəsində israfçılığa ciddi təsir etdiyini bildirib: "Kart üsulu ilə yığıma ilk olaraq Gəncədən başlamışdıq. Prosesə başlayanda Gəncədə yığım 15 faiz təşkil edirdi. Gəncədəki təlabat isə 200 meqabittdən çox idi, əminliklə deyə bilərəm ki, bu göstərici gəncəni qəti surətdə idarə edə bilmirdi. İndi isə təlabat 70 meqabitt, yığım isə 100 faizdir. Bu da kart sistemi ilə enerji istifadəsinə ekonomiyanı göstərir".
Qeyd edək ki, tədbirin sonunda 500 baldan yuxarı nəticə əldə edən Energetika fakultəsinin 25 tələbəsi və müxtəlif KİV təmsilçiləri "Azərenerji" tərəfindən mükafatlandırılb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB