“ARDNŞ-nin müəssisələrində təbiəti mühafizə tədbirlərinin tətbiqi” üzrə elan olunan müsabiqə yekunlaşmaq üzrədir

“ARDNŞ-nin müəssisələrində təbiəti mühafizə tədbirlərinin tətbiqi” üzrə elan olunan müsabiqə yekunlaşmaq üzrədir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin 5 yanvar 2010-cu il tarixli əmrinə əsasən "ARDNŞ-nin müəssisələrində təbiəti mühafizə tədbirlərinin tətbiqi" üzrə elan olunan müsabiqə yekunlaşmaq üzrədir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəssisə və təşkilatların müsabiqəyə təqdim etdikləri layihələrin dəyərləndirilməsi və qaliblərin müəyyənləşdirilməsi məqsədi ilə yaradılan İşçi Komissiya mütəmadi olaraq toplaşır və ekoloji layihələrin icra vəziyyətini müzakirə edir.

Müsabiqəyə təqdim olunan layihələrə baxış sonuncu dəfə cari ilin avqust-sentyabr aylarında keçirilib və layihələrin icra vəziyyəti ilə bağlı hesabat hazırlanıb. Həmin hesabatın müzakirəsi və komissiyanın fəaliyyəti ilə əlaqədar ARDNŞ-nin baş ofisində şirkətin ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevin sədrliyi ilə İşçi Komissiyanın geniş iclası keçirilib. İclası giriş sözü ilə açan Soltan Əliyev həyata keçirilən tədbirin ekoloji tərbiyə və maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, bu istiqamətdə görülən işləri qiymətləndirərək, qarşıdakı vəzifələr haqda danışıb. Daha sonra müəssisələrdə ekoloji layihələrin icra vəziyyəti ilə bağlı hazırlanmış geniş təqdimat nümayiş etdirilib.

Komissiya üzvləri təqdimat əsasında diskussiyalar aparıb, layihələr haqda irad və təkliflərini bildiriblər. Qeyd olunub ki, keçirilən müsabiqəyə layihələrin qəbul olunması prosesi 2010-cu il dekabrın 1-nədək yekunlaşmalı, təqdim edilən hesabatlar ilin sonuna qədər diqqətlə araşdırılmalıdır. Komissiya üzvləri müsabiqədə qalib gələcək müəssisənin ARDNŞ rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması təklifini yekdilliklə dəstəkləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə