“Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda konfrans keçiriləcək TƏDBİR

“Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda konfrans keçiriləcək TƏDBİR

Noyabrın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə ilə “Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda konfrans keçiriləcək. SİA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin, eləcə də gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı açıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin məruzəsi dinlənilib.

Tədbirdə, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Bakı şəhəri, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov çıxış ediblər.

Konfransda məruzəçilər respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının təhlili və qorunub saxlanılması, nümunəvi dini tolerantlıq modeli, eyni zamanda Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği barədə çıxışlar ediblər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə