Brüsseldə Azərbaycanın ÜTT-yə üzvlük məsələsi müzakirə olunub

Brüsseldə Azərbaycanın ÜTT-yə üzvlük məsələsi müzakirə olunub

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu sentyabrın 30-dan oktyabrın 2-dək Brüsseldə Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində formalaşmış "Ətraf mühit, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi" adlı İşçi Qrupunun Azərbaycanı təmsil edən üzvü statusunda Avropa Birliyinin təşkil etdiyi toplantıda iştirak edib. İşçi Qrupunun iclasına Şərq Tərəfdaşlıq Proqramına üzv olan ölkələrin nümayəndələri ilə yanaşı, Avropa Birliyi institutlarının təmsilçiləri da qatılıb.

İşçi Qrupunun toplanmasında başlıca məqsəd noyabrın 16-18-də Berlində keçirilməsi gözlənilən ikinci Vətəndaş Cəmiyyəti Forumuna hazırlıq çərçivəsində qrup adından təqdim edilməsi nəzərdə tutulan təkliflərin müzakirəsi olub. Bu müzakirələr zamanı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə, orta və kiçik sahibkarlığın fəaliyyət mühitinə və bizneslə vətəndaş cəmiyyətinin əməkdaşlığına dair məsələlər diqqət mərkəzində olub. Bu məsələlər ətrafında çıxışı zamanı Qubad İbadoğlu Azərbaycanda vətəndaş cəmiyyətinin, xüsusilə də Avrointeqrasiya İctimai Komitəsinin mövcud problemlərin həllində göstərdiyi səylərdən və gördüyü işlərdən danışıb.

Müzakirələr zamanı qərara alınıb ki, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikinci Vətəndaş Cəmiyyəti Forumunadək işçi qrupu təkliflərin yekun variantını müzakirəyə təqdim etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə